Kamal Quliyev "Neftçi" cəbhəsini "bombaladı": "Hərə öz qapazaltısını əlinə alıb, klub idarə edir"

14:22 13 Sentyabr 2018

"Mən “Neftçi”yə gedəndə demişdilər ki, ehtiyatlı ol, səni şərləməsinlər. Bir zamanlar “Neftçi”də əsl kişilər işləmişdi. Həmin adamlar da Sadıq Sadıqovun dövründə idi. Söhbət şirkət adamlarından və klubu maliyyələşdirənlərdən getmir. Sırf olaraq, klubun daxilindəkilər və işçilərdən gedir. İndiki klub barədə nə demək olar axı? Olmayan şeyi seleksiyaya cavabdehdən tələb edən rəhbərlik demək istəyir ki, sənə burda yer yoxdur. Olmayan şeyi insanın üstünə atmaq heç nəyə sığmaz. Bu nə vaxta kimi olacaq ki, hərə öz qapazaltısını əlinə alıb klub idarə edir? Yəqin ki, bunun da sonu olacaq. Eybi yoxdur, biz qocalarıq, amma haqq-ədalətə bizim gələcək nəsil yetişər. Bir futbol monopoliya deyildi, amma onu da etdilər. Hər kəs öz adamını yığıb ətrafına. Amma biz belə olmamışıq. Bu meydan, bu da şeytan demişik. Kiminsə tapşırığı və sözüylə hərəkət etməmişik. Qərarlar özümüzün olub, kiminsə əmrinə baş əymədik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Sportal.az-a açıqlamasında son olaraq, "Neftçi"də baş seleksiyaçı kimi çalışmış Kamal Quliyev deyib. O, bildirib ki, müqaviləsi başa çatdıqdan sonra ona U-15 komandasında çalışmaq təklif edilib:

 

"Müqaviləm başa çatanda U-15 komandasına baş məşqçilik təklif edildi. Özləri də bilirdi ki, bu, mənim üçün geri addım olacaq. “Neftçi” kimi komandada çalışan, “Neftçala”da hamının dizini yerə qoyan baş məşqçi üçün U-15 komandasında çalışmaq geriyə addım idi. Onlar bilirdi ki, təklifi qəbul etməyəcəm. Bizim xəbərimiz yox imiş ki, “Neftçi”də hər götürülən uşaq üçün deməlisən ki, filankəsi mən götürdüm. Bu, gülünc bir şeydir".

 

Veteran futbolçu "Neftçi"nin bu mövsüm avrokuboklardakı rüsvayçı çıxışı barədə danışıb, baş məşqçi Roberto Bordini tənqid edib:

 

“Neftçi” “Uypeşt”i burada 3:1 hesabıyla məğlub edəndə ətrafımdakılara demişdim ki, komanda bu mərhələni keçməyəcək. Bizə Roberto Bordin lazımdır? Özünə hörmət qoyan məşqçi o qiymətə gəlib komanda çalışdırmaz. Baş məşqçi deyir ki, transferlərə mən baxmıram, rəhbərlik məşğul olur. Kimi alsalar, oynadacağını deyib. Sənin öz sistemin olmalıdır, özün oyunçularla bağlı qərar verməlisən. Bu nə deməkdir? Bu, gülünc bir haldır. Çox heyfslənirəm. O cür komanda uğurlardan sonra nə günə qaldı".

 

Millimizin sabiq üvzü "Neftçi"də səlahiyyətlərini bilməyən şəxslərin olduğunu deyib:

 

“Neftçi”də işini bilməyənlər çoxdur. “Neftçi”də elə şəxslər var ki, öz səlahiyyətlərini bilmir. 18-24 yaşım yoxdu ki, deyim gəlin meydana, futbolda dizinizi yerə qoyum. Bu, məşqçi işidi. Ya sənin arxan güclü olmalıdır, ya da kiminsə qarşısında baş əyməlisən, ya da kiminsə tapşırıqlarını yerinə yetirməlisən. Heç kimin pultuyla idarə edilməmişəm. Kiminsə sözlərimə etirazı varsa, bu söhbəti TV-də - xalqın qarşısında həmin şəxslərlə etməyə hazıram. Biz kənardan gəlməmişik. Amma biz qıraqda qalmışıq. Oynayanlar, nəticə verən şəxslər kənarda qalıblar. Heç bilmirəm ki, I Divizion hazırda nə işə baxır. Sonra deyirlər ki, oyun alveri gedir. Onda bunu bağlayın getsin, bazar da olmasın. “Neftçala”da ilk mövsümümdə sona 5 tur qalmış çempion olmuşdum. Sonra son 5 oyunda da qalib gəlmişdim. Bəzi ağzıgöyçəklər “Neftçala” barədə yaxşı danışmırdı. Orada Toğrul və Famil müəllim kimi şəxslər var idi. Ora Kamal Quliyev rəhbərlik edirdi. Orada elə söhbətlər ola bilməzdi. Allah hamının işini avand etsin. Heç kəsə paxıllığım yoxdu. Kiminsə yerində gözüm yoxdu. Bu gün futbolda olan simalara baxırsan, görürsən ki, bunlar heç futbolçu vaxtı sənin sağ ayağın belə olmayıblar. Qoy oynasınlar, işləsinlər. Hara qədər gedəcək? Futbol çirkinləşib, ləkəlidir. Bu sözləri ikinci adam deyə bilməz. Bunu deyə bilməyənlərin ixtiyarları özlərində deyil. Onlar pultla idarə olunurlar. Qoy olmasın Kamal futbolda, dünya dağılacaq? Guya mənim dədəm-babam, nəslim-köküm futbolçu olub ki? Kamalın canı sağ olsun. Oynadığım futbolun yarısını oynasınlar, bəs edər. Futbolçularımız legioner həyatı yaşaya bilmirlər, gedənlər də 6 aya qayıdır. Amma mən 3 il Ukraynada təpik döymüşəm, Azərbaycanı təmsil etmişəm".


Xəbər xətti