“Azərbaycanla Kosovo arasında böyük fərq olduğunu deyə bilmərəm”

18:18 13 Oktyabr 2018

Bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycan millisi ilə üz-üzə gələck Malta yığmasının baş məşqçisi Rey Farruciyanın mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 63 yaşlı mütəxəssislə yanaşı kapitan Andrey Aqius (A.A) da tədbirdə iştirak edib.

 

- Bizi çox çətin oyun gözləyir. 3 gün ərzində ardıcıl 2-ci səfər oyununa çıxacağıq. Üstəlik ki, Azərbaycan Farer üzərində qələbədən sonra çox motivasiyalı olacaq.

- (A.A) Malta kimi yığma üçün asan oyunlar olmur. Ancaq biz də taktiki cəhətdən yaxşı hazırlaşmışıq və sabahkı görüşə hazırıq. Hərçənd, baş məşqçimlə də razıyam ki, iki səfər oyunu və Azərbaycanın motivasiyalı olması əleyhimizədi.

 

- Kosovo ilə görüşdə 1:1-lik bərabərliyi qoruya bilməməyinizin səbəbi nə idi? Həmin andan hansı nəticəni çıxardınız ki, bunun Azərbaycanla matçda sizə faydası olsun?

- Kosovo ilə çox çətin oyun keçirdik. Çalışacağıq ki, Azərbaycanla görüşdə səhv etməyək. Çalışacağıq kompakt oynayaq.

 

- Malta qrupda son pillədə qərarlaşıb. Cəmi 1 xalı var. Xal fərqi artmaqda davam edəcək?

- Deməzdim ki, rəqiblər fərqi artıra biləcək. Komandamız gəncdi. Son oyunda 4-5 gənc oyunçumuz iştirak etdi. Yeni komanda qururuq, nəsil dəyişir. 

 

- Azərbaycanla oyun istisna olmaqla, digər görüşlərdə Maltaya uğurlar arzulayıram. Artıq Kosovo və Azərbaycanla qarşılaşmısınız. Hansını daha elitar rəqib sayırsız?

- Bu komandalar arasında böyük fərq olduğunu deyə bilmərəm. Ancaq Azərbaycana daha çətin olacaq. Çünki son turda Kosovonun qonağı olacaq.

 

- Andrey, Kosovonun qapısına yol tapmaqla milli karyerandakı qolların sayını 5-ə çatdırdın. Millətlər Liqasındakı rəqibləriniz barədə Maltada heç də müsbət rəy formalaşmayıb. Sən necə düşünürsən, doğrudanmı Maltanın rəqibləri də özü kimi zəifdi?

- Kosovonun tezliklə C səbətinə yüksələcəyini düşünürəm. Bizə gəlincə, üzərimizdə çalışmalıyıq, inkişaf etməliyik. Yeni fazaya qədəm qoymuşuq. Komandamız güclənəcək.

 

- Andrey, evdə qalib gələ bilmədiyiniz Azərbaycanla səfər matçı öncəsi psixoloji durum necədi?

- Səhvlərimizin üzərində işləyirik. Psixoloji cəhətdən problem yoxdu. Sabahkı görüşə tam hazırıq.


Xəbər xətti