"Vorskla"nın baş məşqçisi: "Qarabağ" daha texnikalı oyun göstərdi, bizə imkan vermədi"

02:57 9 Noyabr 2018

“Qarabağ”ın futbolçuları sürətli və texnikalıdı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edən Ukrayna təmsilçisi meydanı məğlub (0:1) tərk edib.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Saçko fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq”.

 

- Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəcübləndirdi...

- Artur texnikalı futbolçudu. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdı. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdü, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Amma rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Biz bu halı müzakirə edəcəyik və həll edəcəyik.

 

- Əvəzləmələrlə nə etməyə çalışdınız?

- Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. “Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.

 

Rüfət Nadirli, Ukrayna


Digər xəbərlər

Xəbər xətti