Samir Abasov: "Sumqayıt"ın yer tutmamasını kənardakılar istədi və nail oldular" - MÜSAHİBƏ

15:42 17 Noyabr 2018

"Zirə"nin baş məşqçisi Samir Abasov futbolinfo.az-a müsahibə verib. 

 

Sportarena.az həmin müsahibni sizə təqdim edir:

 

- Nə qeydlər etdiyinizi bilmək olar?

- Məşqdə bəzi dəyişikliklər edirik.

 

- Yığmaların toplanışına görə də dəyişikliklər etmisiz?

- Milliyə yalnız Aleksandr Dedovu göndərmişik. O da Moldova yığmasına. Son oyundan sonra futbolçulara 3 gün istirahət verdik. Dünəndən (srağagündən – red.) məşqçərə başlamışıq.

 

- Uzun fasilə xeyrinizə olmalıdı.

- Hə. Zədəlilərimiz həddindən artıq çox idi. Bu səbəbdən yoldaşlıq görüşü də salmadıq. Artıq Adrian Skarlatake məşqlərə başlayıb, Pərdis Fərcad-Azad da bizimlədi, Mirsahib Abbasov 2-3 günə başlayacaq. Dilan Duventru gələn həftədən məşqlərə qatılacaq, arxa əzələsində kiçik yırtıq var, tam sağalmalıdı.

 

- Sanki son oyunöncəsi isinmə hərəkətləri zamanı onun zədələnməsi lazım imiş ki, “Neftçi”dən xal alasız…

- Hər işdə bir xeyir var, lakin onu zədələnməsini istəməzdik. Oynasaydı, bizə daha rahat ola biləcəyini düşünürəm. Udmaq da olardı.

 

- Komandanın son pillədə olması əsəb verir, yoxsa motivasiya?

- Bizi qızışdırır, daha yaxşı olmasını istəyirik. Oyunumuzdakı inkişaf ümid verir, çətin olsa da, son pillədən qurtulmaq üçün çalışırıq.

 

- “Neftçi” ilə oyundakı emosiya partlayışı sanki qəzəbdən doğmuşdu.

- Yox. Bilmirəm qola sevinməyim niyə kimlərəsə yer edib? Amma başa da düşürəm – umduğun yerdə nəsə pis olanda sənə də təsir edir. Bununla belə, heç nəyə fikir vermirik, yenə sevinəcəyik, udsydıq, daha çox sevinərdik. Ona görə ki, “Neftçi” yaxşı komandadı, birinci yerdə gedir və biz heç kimdən çəkinmirik.

 

- “Neftçi” ilə matç “Zirə”də olduğun dövrdə ən yaxşı oyununuz idi?

- Yaxşı oyunların davamı idi. Qeyri-adi bir şey etmədik.

 

- Növbəti turlarda daha yaxşı “Zirə” görəcəyik?

- İnşallah. Növbəti rəqib “Sumqayıt”dı və bizim üçün “Neftçi”dən də çətindi. Baş məşqçi, deməli, ab-hava dəyişib. İlk dövrədə onlara uduzmuşduq, özüm də o komandadan çıxmışam. Bəlkə də kimlər üçünsə başqa önəmi var, amma mənim üçün hər hansı intriqa mövzusu deyil. Yaxşı oyunlarımızın davamını görmək istəyirəm.

 

- Sizin “Zirə”də əvəz etdiyiniz Ayxan Abbasov, sizin tərk etdiyiniz “Sumqayıt”...

- Heç nə dəyişməyib – bir Abbasov getdi, o biri gəldi. Ayxana da uğurlar, Sumqayıtda iş görmək üçün normal şərait var. Amma bu dəqiqə məni öz komandam düşündürür.

 

- 8 komandadan 7-nin baş məşqçisi yerlidi, amma lider əcnəbi…

- Çempion olsa, deməli, Roberto Bordin daha güclüdü. Amma indi bu barədə danışmaq tezdi. Qışdan sonra komandalarda çox dəyişiklik gözlənilir. Əmin olun ki, Bordinə çox çətin olacaq. “Keşlə”, “Sumqayıt” məşqçisini dəyişib, “Qarabağ” avrokubokla vidalaşandan sonra diqqətini çempionata yönəldəcək və hər şey fərqli olacaq.

 

- Son turda yerli məşqçilərə bir az ümid verdiz. Göstərdiz ki, Bordini də dayandırmaq olar.

- Həmin heç-heçə belə müzakirə olunmamalıdı. “Sumqayıt”da olarkən daha yaxşı oynadığımız ardıcıl matçlar olub. Bordinə nəyisə sübut etmək istəmirdim, sadəcə, yaxşı oyunlarımızın davamını gətirdik.

 

- Bordin İtaliya futbolu oynadır, yoxsa onun müdafiə taktikasının da özəlliyi var?

- Bordin gələndə müsahibələrində oyun sisteminə kimi çox şeydən danışmışdı. Hücum futbolundan bəhs edirdi. Doğrusu, indi başqa mənzərədi, dediklərinin təsdiqini görmürəm. Bordinin hansı üslubu tətbiq etdiyini deyə bilməyəcəm, lakin “Yuventus”un, “Napoli”nin timsalında hətta İtaliya klubları da bu gün daha çox hücum futbolu oynayır. “Neftçi” ilk pillədədisə, deməli, hələlik məşqçisi lazım olanı edir.

 

- “Zirə”dən milli komandaya niyə oyunçu çağırılmır?

- Yaxşı sualdı. Yəqin çağırılacaq. Əminəm ki, onun da vaxtı gələcək. Açığı, son pillədəyiksə, çox söz danışa bilmərik, lakin potensiallı futbolçularımız var.

 

- Milli üzvü olan yeganə futbolçunuz Anar Nəzirov zədələnəndə qorxduzmu?

- Hamımız qorxduq. Əvvəlcə “Neftçi”nin məşqçisi, ardınc bizim qapıçı. Pis bir şey olmasını heç kim istəməz. Şükür, Anar yaxşıdı, tullanma hərəkətlərindən qoruyuruq, yəqin növbəti oyuna hazır olar.

 

- Növbəti qırmızı vərəqəni nə vaxt alacaqsız? Köməkçilərin də sizin kimi olmağa başlayıb.

- Son oyunda köməkçimin niyə qovulduğunu başa düşmədim. Dediklərinə görə etiraza görə olub. Bilmirəm kim kimə etiraz edirdi? Həmin oyunda hakimlərdən razı deyildim. Əminliklə deyirəm ki, “Neftçi” ilə matçda hakim ipi əlindən buraxmışdı. Bizdən oyun ərzində heç bir futbolçunun qırmızı vərəqə almaması, ağır olayların ortaya çıxmaması özü də xoşbəxtlik idi. Özümün qırmızı vərəqə almayacağıma zəmanət yodu, ancaq bunun nə vaxt olacağını da bilmirəm.

 

- Bunun üçün sizi hakimlər hirsləndirməlidi, yoxsa öz futbolçularız?

- Hakimlər bizə “çox sağ ol” deməlidi ki, onları formada saxlayırıq. “Sumqayıt”da da belə idi: hakimlərin formada qalmasına çox kömək edirik. Meydanda çox qaçırıq və onların da hərəkət etməsinə səbəb oluruq. Hakimlərin böyüməsində həddindən arıtq rolumuz var.

 

- Bəs, onları formadan salan kimdi?

- Onu mən deməyim. Eşitdiyimə görə bizim oyunlara gələndə qaçmaqdan bezdiklərini deyirlər.

 

- Komanda olaraq əsas hədəfiniz nədi?

- Maksimum çox xal toplamaq və irəliləmək. Hətta indi qəribə görünsə də, Avropa Liqasına düşmək istəyirik. Kubokda, çempionatda nəyi bacarırıqsa, sıxıb çıxaracağıq.

 

- Xal fərqi də böyük deyil. 8 komandadan 7-nin qitə kuboklarına getmək imkanı var və bu “yeddilik” 4 yeri bölüşməlidi.

- Toparlanmşıq, buna çalışacağıq. “Qara zolağ”ın nə olduğunu indi başa düşürəm. Oyuna çıxmamış oyunçun zədələnir, heyətdə itkilər çox olur. Amma öhdəsindən gələcəyik. Zədələr imkan versəydi, son 4 oyunda daha çox xal toplayardıq.

 

- Qışda neçə transfer olacaq?

- Axtarırıq, baxırıq. 2-3 əcnəbi almalıyıq. İstədiyim yerli oyunçular da var, amma onlar yəqin ki, yayda bizimlə olacaq, qışda almaq çətindi, müqavilələri var.

 

- Sadiq Quliyevi bağışlamısız?

- Komandadadı. Yaşlı oyunçularımız ağız açdı və onların sözü yerə düşməsin deyə belə etdik.

 

- Səhvi çox böyük idi?

- Məncə, hə. Kiminləsə dalaşmaq, intizamı pozmaq… Sadiqin hərəkəti mənə çox pis təsir edir. Sənin işə yanaşman peşəkara yaraşmır. Mənə həddindən çox təsir etdi.

 

- Mövsüm başlamamış “Zirə”yə gəlsəydiz, fərqli heyət qurardız?

- Bəli. Yerlilər həddindən artıq çox olardı və xeyir verərdilər. Yaxşı ki, bizimlə birgə olmaq istəyən çox oyunçu var.

 

- “Sumqayıt”da da?

- Hə. Yayı gözləməliyik. “Sumqayıt” da hər oyunçunu asanlıqla buraxmaz, məhdudiyyətlər var. Onların əlinə sanballı yerli oyunçu düşəndə dəyərini bilirlər, klubun strategiyası elədi ki, buna məcburdular.

 

- Ölkə futbolunda maliyyənin azalmağı bəlkə də yerli məşqçilərə kömək oldu, onların özünü göstərməyinə şərait yaratdı. Əks halda, əcnəbilərin kölgəsində qalacaqdız.

- İndi şans daha çoxdu. Həmin maliyyə ilə yerli məşqçilər də çox iş görərdi. Amma güvənərdilərmi? Özünüz də necə məşqçilərin gəlib necə getdiyini gördüz. Heç bir xeyirləri olmadı. Maliyyənin azalmağı da futbolumuza ciddi zərbə vurdu.

 

- Bəs, yeni nəsil niyə yetişmir? Futbolun içində olan biri kimi fikirlərin maraqlıdı…

- Hər həftə Bakıda, rayonlarda uşaq futbol liqalarını izləyirəm. Oğlum oynadığı üçün də buna məcburam. Özünüz o yarışları izləyin, bütün suallara cavab tapacaqsız. Rəzalətdi. Şərait yoxdu, məşqçilərin özünü aparması çox pisdi. Həddindən artıq istedadlı uşaqlar var, amma məşqçilərin, referilərin nələr etdiyini bir görsəz… Qubada görmüşəm – dizə kimi palçıqda uşaqlara futbol oynadırlar. Sonu daha pis olacaq.

 

- Yayda “Qəbələ” və “Səbail”in hansından real təklif almışdız?

- “Səbail”dən.

 

- Bəs, “Neftçi”dən?

- Xeyr.

 

- Amma gözləyirdiz…

- Təklif gələcək deyə gözləmirdim. “Sumqayıt” rəhbərliyinin Bakı klubuna gəldiyini nəzərdə tutursan yəqin. Mən “Sumqayıt”da qalmaq istəyirdim. Müqaviləm bitməmiş rəhbərliyə dedim ki, komandada legioner alınmasına icazə verilsə, heç yana getməyəcəm. Razılıq versəydilər, qalacaqdım. Çünki yalnız o halda məşqçi ortaya iş qoya bilir. Mümkün olmadı, getdim. Məni müxtəlif klublara “caladılar”, lakin gəlib “Zirə”yə çıxdım.

 

- Burada hər şeydən razısız?

- Həddindən artıq. İşləməyə, özünü göstərməyə hər cür imkan var.

 

- “Neftçi”ni təsadüfən ayrıca soruşmadım. Bakı klubunun tarixən gözəxoş futbolu olub, həmişə hücumu düşünüblər. Bordin bu ənənəni pozub. Sanki həmin futbolu indi “Zirə” oynamağa çalışır.

- Nəsə deməyim düzgün çıxmaz. “Neftçi” liderdisə, ən doğrusunu onlar edir. Amma mənim üçün ən doğrusunu “Zirə” edir. Çünki biz təkcə özümüzü, nəticəni fikirləşmirik. Azarkeşlərə zövq verdiyimizi düşünürəm.

 

- Çempionatda daha hansı komanda azarkeşlərinə gözəl futbol izlətdirir?

- Azarkeşlərə bölgə komandaları daha çox zövq verərdi. Gəncədə 8-10 min azarkeş gəlirdi, Sumqayıtda tribunalar dolurdu. Madrid “Atletiko”suna baxın, məşqlərində, oyunlarında olmuşam, təcrübə keçmişəm. Deyəsən, “Alaves”lə oyun idi. 85-ci dəqiqədə qol vurdular, camaat tribunada yatırdı, amma aşağı-yuxarı hamı razı idi ki, komanda yüksək yerlərdədi, Çempionlar Liqasında oynayır. Bu yaxınlarda Dortmund “Borussiya”sına uduzandan sonra hər şey üzə çıxdı, hamı partladı. Məşqçini oynatdığı futbola görə tanımalıdılar.

 

- Amma sualdan yayındız…

- Məncə, bütün komandalar azarkeşlərinə zövq verir. Amma yaxşı olar, oynatdığın futbol bütün azarkeşlərə zövq versin.

 

- “Atletiko”dan danışdıq, bu sualı da verim: sizə yad olan futbolu oynayan madridliləri niyə seçmişdin?

- Seçim imkanım çox deyildi. Təşkil edənlər sağ olsun, düşünmədən razılıq verdim. Hə, oyun stilindən xoşlanmıram, yəni, mən elə futbolu təbliğ edərəmmi? İnanmıram! Amma peşəkarlıq, məşqçilərin, oyunçuların işə, məşqlərə yanaşması qibtə ediləsidi.

 

- Millidən nə gözləyirsiz?

- Qələbə. Maltanın Kosovonu, bizimkilərin də Fareri udacağını.

 

- Deməli, artıq qrupdan çıxmışıq…

- Çətin məsələdi. Farer Maltadan güclüdü, amma ada komandasını udacağımıza əminəm.

 

- Yayda nə baş verəcək? Avrokuboklara yollanacaq komandalarımızın mərhələ adlamaq imkanı nə qədərdi?

- İnanmıram. Belə şansı olan komandaların, potensial namizədlərin heç biri o səviyyədə deyil. “Qarabağ”ı çıxmaq şərti ilə. “Zirə”ni də o siyahıya salmağa çalışacağıq, lakin bugünkü durumla heç kimə ümid yoxdu, səviyyə aşağıdı.

 

- “Səbail”ə texniki məğlubiyyətiniz yada düşəndə kimə hirslənirsiz?

- Yaddan çıxıb. Həmin vaxt xala çox ehtiyac olsaydı, baş sındırardım, amma təzə gəlmişdim. Hər şeyi axarına buraxdıq, heç yadıma da düşmür.

 

- Amma sanki onlara qarşı bir az incikliyiz var.

- Məni bircə o sual düşündürür ki, oyun başlayana kimi rəqibin bundan xəbəri var idimi? Bizim rəqibdə belə şey olsaydı və mən bilsəydim, milyon faiz əmin olun ki, özüm deyərdim. Deyərdim ki, səhvi düzəldin. Onların bilib-bilmədiyinə əmin deyiləm, bəlkə heç bilmirmişlər. Deməyə borcları yoxdu, amma yenə… Mən olsam, deyərdim.

 

- Qış fasiləsinə neçənci yerdə çıxacaqsız?

- Xalımızı 12-yə, 15-ə çatdırsaq, sonrası super olacaq. Axırıncı yerdən çıxmağa çalışacağıq. Qışdan sonra fərqli çempionat olacağına əminəm.

 

- Növbəti rəqibiniz olan “Sumqayıt”ın “Keşlə” ilə son oyununu tribunadan izləyirdiz. Məşqçi dəyişikliyindən sonra əziyyətinizə heyfin gəlmir? Çünki məşqçi dəyişdi, deməli, “Sumqayıt”da da nələrsə dəyişəcək.

- Razıyam. Tam fərqli oyun olacaq. Amma məşqçi kim olur-olsun “Sumqayıt”la matçımız çətin keçəcək.

 

- Nazim Süleymanovun gedişiylə bağlı açıqlamaları ilə tanışsız?

- Səhhətinə görə getdiyi deyildi. Məncə, insan niyə gəldiyini də, niyə getdiyini də açıq deməlidi. 10-15 il keçəndən sonra hansısa sözü niyə demədiyini düşünüb başına vurmamaq üçün indi danışmalısan. Şəxsən mən beləyəm, deyəcəyim sözü saxlamıram.

 

- “Sumqayıt”ın əksər oyunçularıyla birgə işləmisiz, tanıyırsız. Onların 11 tura 5 qırmızı vərəqə almasının səbəbi nədi?

- Səbəb yoxdu, bütün qırmızılar oyun epizodunda alınıb. Taledi, intizamla bağlı deyil. Mənim vaxtımda mövsüm ərzində qırmızı vərəqə almamışdıq, lakin bu, o demək deyil ki, indi orda olsaydım, belə qovulmalar olmayacaqdı.

 

- “Sumqayıt”da kimdən incidiz?

- Klub siyasətindən. “Sumqayıt” hazır komanda idi, çox şey yaratmaq, inkişaf etdirmək olardı. 2-3 dəyişiklik edib, sabit komanda qurmaq mümkün idi. Adı belində olan qurum idi. Klub siyasətini dəyişmək lazım idi.

 

- İndiki “qara zolaq”dan əvvəlki komandanda da gördüz. Mövsümün sonluğundakı uğursuz oyunların səbəbini hələ də bilmirsiz?

- Əlimdə fakt olmadığından əmin deyiləm, amma nələrisə bilirəm. Yer tutmamağımızı kənardakılar istədi və nail oldular. Günahımız həddindən artıq çox oldu. Əminəm ki, həmin 5 oyunda biz komanda çəklində komanda deyildik. Bəzi oyunçular komandadan erkən qopmuşdu. Həmin oyunçular sonradan komandadan birdəfəlik qopdular, bəlkə qalanı da var.

 

- Özünüzü məğlub hesab etmədiz?

- Yox. “Sumqayıt”da gördüyüm iş göz qabağında idi. Təkbaşına gücüm çatmadığına heyfsilənirəm.

 

- “Zirə”də eyni aqibətlə üzləşə bilərsiz?

- Yox, burada vəziyyət tam başqadı. “Zirə”də işləmək gözlədiyimdən də rahatdı.

 

- Zirədən kənarda oynamaq nəticələrə təsir göstərir?

- Çox. Təmir olmasaydı, ev oyunlarımızı öz stadionumuzda keçirsəydik, nəticələr daha yaxşı olacaqdı.

 

- İdeal seçdiyiz məşqçi var?

- Azərbaycanı deməyək, birinin adını çəksəm, qalanları inciyəcək. Əcnəbilərdən Sari və Kloppa rəğbətim var.


Digər xəbərlər

Xəbər xətti