“Zirə” üstün olduğu rəqibə qarşı

15:46 23 Noyabr 2018

“Zirə” Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la görüşəcək.


Sportarena.az xəbər verir ki, noyabrın 25-də keçiriləcək ev oyunu zirəlilərin "gənclik şəhəri” təmsilçisi ilə 14-cü dueli olacaq. Cari mövsümdə 2-ci dəfə üz-üzə gələcək rəqiblər ümumilikdə 13 dəfə qarşılaşıb. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan komanda 4 dəfə meydanı xalsız tərk edib. 26 qolun vurulduğu görüşlərdə “qartallar” üstündü – 15:11. Bu oyunlarda qəsəbə təmsilçisinin ən yaxşı bombardiri Vüsal İsgəndərlidi. O, 3 dəfə fərqlənib. Riçard Qadze və Sadio Tounkaranın hesabında 2 top var.


“Zirə” ev oyunlarında da üstünlüyə malikdi. 7-ci dəfə rəqibini qəbul edəcək komanda əvvəlki 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edən “qartallar” yalnız 1 dəfə uduzub. Öz meydanında 9 qola sevinən "qartallar" 5 top buraxıb.


Xəbər xətti