Kvame Karikari: "Neftçi"də iz qoymaq istəyirəm" - MÜSAHİBƏ

15:25 10 Dekabr 2018

"Məncə, çox çətin oyun oldu. Biz əlimizdən gələni edirdik. İmkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Bəxt üzümüzə gülmədi. Qələbə qazanmaq üçün hər şeyi etdik, amma alınmadı". 

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi" klubunun futbolçusu Kvame Karikari Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- "Sumqayıt" klubu meydana 5 müdafiəçi ilə çıxmışdı. Daha sonra bu say 7 oldu...

- Düzgün vurğuladınız, onlar 5 müdafiəçi ilə oyuna başladı, sonra isə 7 müdafiəçiyə keçdilər. Düzdür, biz bu gün xal itirdik. Lakin müsbət tərəflərə də baxmalıyıq. Bir xal qazanmışıq, növbəti oyunlar haqda düşünməliyik. 

 

- "Neftçi"yə böyük ümidlərlə transfer olunsanız da, meydana əsas heyətdə çıxa bilmirsiniz. Məşqçilər ehtiyyatdan oyuna buraxdıqları futbolçunun daha fəal olmasını istəyirlər, amma Siz bu gün heç nə ilə yadda qalmadınız. Bu, nə ilə bağlıdır?

- Bilirəm ki, “Neftçi”yə böyük ümidlərlə gətirilmişəm. Çox çalışıram ki, komandaya faydalı olum. Məni oyuna buraxırlar ki, fəallıq göstərib qol vurum. Bəlkə də mənə meydanda daha çox vaxt lazım idi ki, özümü göstərə bilim. Amma bundan başqa bəzi səbəblər də var. Mirabdulla Abbasov bu mövsümü əla keçirir. Hazırda əsas hücumçu odur. Bu gün mənim qol vurmağa imkanlarım da olmadı. Ehtiyat skamyada oturma səbəblərindən biri də Mirabdulla Abbasovdur. O, əla mövsüm keçirir. 

 

- "Balıkesirspor"da oynayanda daha aqressiv idiniz, daha həvəsli çıxış edirdiniz. Lakin indi "Neftçi"nin heyətində bu çılğınlığı görmürük, sanki həvəssiz görünürsünüz. Bunun səbəbi nədir?

- Mənə bir az vaxt lazımdır ki, özümü sübut edim. Digər tərəfdən, Türkiyədəki ab-hava və azarkeşlər başqadır. Orada futbola fərqli yanaşırlar. Burada mənə şans verilməlidir ki, özümü göstərə bilim. Ancaq mən istədiyim qədər oyun vaxtı ala bilmir, istədiyim qədər oynamıram. 

- Belə davam etsə, "Neftçi"dən ayrılmağı düşünürsünüz?

- Xeyr, komandadan ayrılmağı düşünmürəm. “Neftçi”də iz qoymaq istəyirəm. Öz oyunçu keyfiyyətlərimi itirməmişəm. Özümü sübut etmək istəyirəm. Daha çox vaxt əldə edib gücümü göstərəcəyəm. 

- "Neftçi" və "Qarabağ" arasındakı xal fərqi 3-ə endi. Çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?

- Çempion olmaq üçün sona qədər vuruşmalı, oyunumuzu göstərməli, xal üstünlüyümüzü geri qaytarmalıyıq. Çalışsaq və baş məşqçinin dediklərini tam yerinə yetirsək, əminəm ki, bizdə hər şey alınacaq.


Xəbər xətti