Millimiz Avropa çempionatına yüksələ bilmədi

22:50 14 Yanvar 2019

Kişi həndbolçulardan ibarət milli komandamız 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub.

 

Sportarena.az xəbər verir ki, B qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi – Malta kollektivi olub. Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımız 17:25 hesabı ilə uduzublar.

 

Ertəsi gün Gürcüstanla görüşən komandamız bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib – 25:30.Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin "Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16:11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək 27:24 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.


Digər xəbərlər

Xəbər xətti