Türkiyədə azarkeşlər azərbaycanlı iş adamına qarşı etiraza başladı - FOTOLAR + VİDEO

16:29 25 Yanvar 2019

Azərbaycanlı iş adamı Rauf İsmayılovun sahibi olduğu "Darıca Gənclərbirliyi” klubuna azarkeşlər basqın ediblər. 

 

Sportarena.az xəbər verir ki, bir neçə gündü klub ətrafında gəzən söz-söhbətlərdən təngə gələn fanatlar Kocaeli təmsilçisinin bazasına gələrək, rəhbərliyi istefaya səsləyib.

 

Onlar klubun yeni sahibi Rauf İsmayılovun adını çəkərək, müxtəlif təhqir və söyüşlər səsləndiriblər. İş adamından xəbər çıxmayınca isə tərəfdarlar "Rauf nerdesin (hardasan), Allah belanı versin” şüarına güc veriblər.

 

Vəziyyətin daha da gərginləşdiyini görüb bazanın qapılarını açıblar. Aksiyanı burada da davam etdirən və rəhbərliklə görüşmək istəyənləri futbolçular sakitləşdirməyə çalışıb. 

 

Daha sonra azarkeşlər rəhbərliyin gəlmədiyini görüb, polisin də xəbərdarlığı ilə bazanı tərk ediblər.

 

"Darıca Gençlerbirliği Azarkeşlər Dərnəyi" rəhbəri Hasan Zengin jurnalistlərə verdiyi açıqlamada klubun azərbaycanlı iş adamı Rauf İsmailyova satılmasına və son həftələrdəki uğursuzluğa reaksiyasini bildirib. Futbolçulara pul ödənməməsi səbəbi ilə klubun dağılmağa doğru getdiyini dilə gətirən Zengin satışın ləğv edilməsini və kluba sahib çıxılmasını istəyib. 

 

Qeyd edək ki, Rauf İsmayılov Rusiyada yaşayan iş adamı həmyerlimiz, "Simurq Turizm" şirkətinin prezidentidir. 

 

 



Digər xəbərlər

Xəbər xətti