Maşallah Əhmədov: “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin"

14:29 28 Yanvar 2019

Gəncədə yenə narazılıq baş qaldırıb, şəhərin futbol ictimaiyyəti etiraz edir. Narazılıq AFFA-nın xətti ilə "Kəpəz”ə rəhbər təyin olunacağı böyük ölçüdə dəqiqləşən İslam Abbasovla İdarə Heyətinin üzvü olacaq Vaqif Sadıqova görədi. Gəncəlilər öz şəhərlərinin veteranları, adlı-sanlı şəxsləri qala-qala, Bakıdan xüsusi tapşırıqla göndərilənlərin kimliyi ilə barışa bilmir.

 

Təbii, məlum xəbərlə razılaşmayan təkcə azarkeşlər deyil. Bu, daha çox gəncəli futbol veteranlarına təsir etməlidi. Axı məhz onlar "Kəpəz” üçün can qoyub, çətin günlərdə birgə olublar. Dünən əlaqə saxladığımız Maşallah Əhmədovla Mehman Allahverdiyevin dediklərindən sonra əlavə şərhə ehtiyac qalmadı.

 

Maşallah Əhmədov: "Yaşananlardan xəbərim var. Deməli, məsələ belədi. 2-3 ay əvvəl Elxan Məmmədovun yanına getmişdik. Üzbəüz oturub söhbət etdik və açıq şəkildə dedim ki, "Kəpəz”də Müşahidə Şurasının sədri səlahiyyətlərini yerinə yetirə bilərəm. Hamı bilir ki, gəncəli veteranlarla münasibətim yaxşıdı. Mehman Allahverdiyev, Arzu Mirzəyev, Səfər Rəhimov kimi keçmiş futbolçularla əl-ələ verib futbolu yenidən ayağa qaldırmağın planlarını cızıb, ən qısa zamanda hədəfə çatmaq mümkündü. Mənə konkret cavab vermədi, amma danışığından başqa planlarının olduğunu başa düşdüm. Açıq şəkildə bizə inamsızlıq göstərdiklərini dedim. Tanınmış futbolçuyam, Maşallah Əhmədovam, məni şuraya sədr qoymurlar. O vaxt "Neftçi”nin Müşahidə Şurasında yer almaq üçün Çingiz Abdullayevə müraciət etmişdim, o da onluq bir şeyin olmadığını demişdi. İslam Abbasovla Vaqif Sadıqovun "Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gələnə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? "Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə də Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi. Mehman 2-3 il əvvəl "Kəpəz”də işləyəndə stadiona 20-25 min adam gəlirdi. Klub üçün canını qoyub, cibinin pulunu xərcləyib. Bu cür insanların əziyyətini yerə vurmaq olmaz. Allah hamısının işini avand eləsin. Mənim kimi bacarıqlı kadrları şuraya yaxın buraxmasınlar. Çünki keçmiş futbolçulara etimad göstərmirlər”.

 

Mehman Allahverdiyev: "Nə deyim axı? AFFA-dan belə məsləhət görüblər, bunlar da gəlib işləməlidilər. Zorla gedib nəsə tələb edəsi deyilik ki. İstər baş məşqçi, istər prezident, istərsə də icraçı direktor işlədiyim dönəmdə işimiz və "Kəpəz”in nəticələri göz qabağında olub. 3 il əvvəl Avroliqaya vəsiqə qazanıb, mərhələ adladıq. Mən klubdan çıxandan sonra nələr baş verdi – Allah bilir. İslam Abbasova da, Vaqif Sadıqova da uğurlar arzulayıram. Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim. Etmədilər, canları sağ olsun. Bu ideyanı irəli sürənə də, qərarı verənə də, icraçılara da can sağlığı diləyirəm. Necə işləyəcəklərini zaman göstərəcək. Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi. "Kəpəz”i 3 dəfə çempion etmişəm, 4 dəfə ölkə kubokunu qazanmışıq, 2 dəfə gümüş, 1 dəfə bürünc medallara sahib çıxmışıq. Çempionatlar tarixində mövsümboyu məğlubiyyət acısı yaşamayan bir komanda var – o da baş məşqçi olduğum dönəmdəki "Kəpəz”di. Məndən sonra çempionluq nədi, heç "bürünc” qazanmaq mümkün olmayıb. Klubun adını dəyişib "Gəncə” etmişdilər, "Kəpəz”in adını qaytardım. Bu gün futbolkaların yaxasındakı klub gerbi mənim dönəmimdə hazırlanıb. Sarı-göy rənglərin ideya müəllifi mən olmuşam. Həmin Mehman Allahverdiyevəm də. Vallah, özümü tərifləmək üçün demirəm. Sadəcə, "keçmişini dananın gələcəyi olmaz” məsəlini əsas tutub danışıram. Bunları mən deməsəm də, faktdı. Hər şey silinə bilər, amma tarix silinmir. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik. Deyirəm, çox nahaq, gedin, dəstək verin, "Kəpəz” hamımızındı. Demək pis çıxmasın, vaxt olub biznesdən qazandığım şəxsi pullarımı klubun yolunda xərcləmişəm. Halal-halal xoşları olsun, Gəncəm və gəncəlilərim üçün etmişəm. Bakıdan oyundan qayıdanda yol qırağındakı təkərləri avtobusa yığıb gətirirdik ki, qaz olmayan bazada yandıraq, otaqlar isinsin. Meydanı sulayırdıq. Bu qədər əziyyət çək, axırı da belə... Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. Nəsə edəcəklər, sonra da söhbət, şayiə ki, Mehman öyrətdi. Hələ işləmədiyim dönəmdə nə olurdusa, mənim üstümə atırdılar. Ona görə də susmaları məsləhətdi. Yaxşı olar, inşallah. Allah görür”.

 

Mənbə: "Futbol+” qəzeti


Xəbər xətti