Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə reaksiya

14:49 17 Fevral 2019

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da biganə qalmayıb. 

 

Sportarena.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Umudovun qeyd edib ki, Moskvada baş verən hadisə kiminsə təxribatının nəticəsidir, bu insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz:

 

“Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu xeyli narahatllq doğurur. Onilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenstan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. 

Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar Mairbek Taysumov və Yusuf Raisov da bizimlə təlim-məşq toplantısında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər. 

Bir neçə ay əvvəl prezident İlham Əliyevin Çeçenstan lideri Ramzan Kadırovla Bakıdakı görüşündə də xalqlarımız arasında hər zaman dost münasibətlərin olduğu bildirilib, dar gündə bir-birimizin yanında olduğu xüsusi vurğulanıb.  Azərbaycan həmişə çeçen xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib.

Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və sizi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək.”. 

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zelimxan Hüseynov da hər iki xalqın nümayəndəsini belə təxribatlara uymamağa çağırıb:

“Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram”.



Digər xəbərlər

Xəbər xətti