“Tottenhem”dən UEFA-ya etiraz: CAS-a müraciət edəcəklər

00:36 22 Dekabr 2021

İngiltərənin “Tottenhem” klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
Buna UEFA-nın London təmsilçisinə texniki məğlubiyyət verməsi səbəb olub. Avropa futbol qurumunun qərarından narazı qalan paytaxt klubu məsələyə yenidən baxılmasını tələb edəcək.
 
Xatırladaq ki, “Tottenhem”in Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Renn” komandasına qarşı oyunu təxirə salınmışdı. Buna londonluların heyətində koronavirusa kütləvi yoluxma hallarının qeydə alınması səbəb olmuşdu. Qitə futbol qurumu bu üzdən Premyer Liqa təmsilçisinə texniki məğlubiyyət verib. 
 
Beləliklə, “Tottenhem” qrup mərhələsini 7 xalla 3-cü pillədə başa vurub və Konfrans Liqası ilə vidalaşıb. “Renn” texniki qələbədən sonra 14 xalla qrup birincisi olub. G qrupunda ikinci yeri 10 xala malik “Vitess” (Niderland) tutub.
 
Bu qərar London təmsilçisində böyük etiraza səbəb olub. İngiltərə təmsilçisinin baş məşqçisi Antonio Konte də texniki məğlubiyyətin inanılmaz bir qərar olduğunu bəyan edib:
 
“Bu oyunu məhkəmədə yox, meydanda qazanmaq istəyirik. Bu qərarı qəbul edə bilmirəm. Tamamilə haqsız və inanılmaz bir qərardır”.
 
Xatırladaq ki, “Tottenhem”in Premyer Liqa çərçivəsində də bir neçə oyunu koronavirus səbəbindən təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti