Qurban Qurbanov: "Layiqli qələbə qazandıq"

08:55 3 Aprel 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportarena.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Matçın erkən saatlarda olması sürəti aşağı sala bilər, amma layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Hər mövsüm qarşımıza yüksək hədəflər qoyuruq. Belədə bütün matçlara qələbə hissi ilə çıxırıq. Hazırda çempionluq üçün lazım olan 13 xalı düşünmürük. Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik".
 
Qurbanov görüşdən öncə bir az narahatlıq keçirdiyini söyləyib: "Fotbolçularım çoxdandır birlikdə deyildilər, ayrı-ayrı ölkələrin yığmasında idilər. Sevindirici haldır ki, hər şey qaydasında oldu. Amma oyunçular yığmanın düşərgəsinə yollanmamışdan öncə daha yaxşı durumda idilər. Hər bir halda problemlər, narahatlıq var idi. Bəzi oyunçuların yorğunluğu, idman formasından uzaqlaşması bizi düşündürürdü. Bir neçə məşq buraxmışdılar. Onların yenidən formaya düşməsi üçün vaxt lazım olacaq".
 
Təcrübəli baş məşqçisi bu oyunda dubl edən Leandro Andradenin çıxışını da dəyərləndirib: "Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti, münasibəti yaxşıdır. Bu, vacib amildir. Bacarığı oyun üslubumuza uyğundur. Şanslardan yaxşı istfadə edə bilir. Potensialı böyükdür. Xarakter olaraq daha da böyüməlidir. Ümid edirik ki, bizim üçün daha faydalı olacaq".
 
O, sabiq futbolçuları Amin Qarayevin Gürcüstan millisinə dəvət olunmasına da münasibət bildirib: "Dünya futbolunda belə şeylər çox olur. Bəzən 10-12 yaşlı uşaqların perspektivlərini tam görə bilmirsən. Düşünmədiyin halda böyük dəyişikliklər olur. Həmin oyunçunu mən görməmişəm. Aşağı yaş qruplarında çıxış edib. Ailəsi də orada yaşadığı üçün, görünür, Gürcüstanda oynamaq futbolçu üçün daha rahatdır".
 
"Milli komanda ilə bağlı heç bir fikrim yoxdur, hazırda bütün diqqətim "Qarabağ"la bağlıdır. Yığmanın düşərgəsindən zədəli qayıdan Bədavi Hüseynova gəlincə, narahatlığı var idi. Milliyə getməsini istəməzdim. Bunu əvvəllər də demişəm ki, bəzi oyunçular yığmaya getməsələr, daha yaxşı olar. Amma belə hallarla çox rastlaşmışıq. Bəzən, anlaşmışıq, bəzən anlaşmamışıq".
 
Qurbanov əvvəlcə U-21, daha sonra isə əsas yığmaya dəvət alan Rüstəm Əhmədzadə ilə bağlı AFFA-ya müraciət etdiklərini bildirib: "Bizimlə qalsa, daha yaxşı olardı. Çünki idman formasından uzaq idi. Koronavirusa yoluxduğu üçün xeyli geriləmişdi. Amma dedilər ki, oynayacaq. Yenə də hər şey qarşılıqlı razılıq əsasında oldu. Milli komandadır, çox üzərilərinə gedə bilmərik. Sadəcə, fikirlərimizi bildiririk ki, həkimlər və məşqçilər bəzi məqamlarda diqqətli olsunlar. Bədavinin zədə alması normaldır. Belə şeylər çox olub. Mənim buna fikir bildirməyim düzgün deyil. İstənilən halda doğru tərəf milli komandadır".


Digər xəbərlər

Xəbər xətti