Tokio Olimpiadasının Təşkilat Komitəsinin eks-rəhbəri rüşvətə görə həbs edildi

12:10 17 Avqust 2022

Tokiodakı Olimpiada və Paralimpiadanın Təşkilat Komitəsinin keçmiş rəhbəri Haruyuki Takahaşi böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə “Qafqazinfo” NHK telekanalına istinadən xəbər verir.

İyulun sonunda prokurorluq nümayəndələri Takahaşinin evində axtarış aparıblar. Bundan əlavə, axtarış Tokio Olimpiadasının sponsorlarının seçilməsi prosesinə cəlb edilmiş və rəhbərlərdən birinin Takahaşinin olduğu “Dentsu” şirkətinin baş ofisində aparılıb.

Tokio Oyunlarının Təşkilat Komitəsinin keçmiş rəhbəri 45 milyon yen (ovaxtkı məzənnə ilə 400 min dollar, indiki ilə 330 min dollar) rüşvət almaqda şübhəli bilinir. İstintaq hesab edir ki, Takahaşinin rəhbərlik etdiyi şirkət bu məbləği Olimpiadanın sponsorlarından alıb.

Təşkilat Komitəsinin direktoru, dövlət qulluqçusu kimi, Cinayət Məcəlləsinə uyğun olaraq, işi ilə bağlı fəaliyyətinə görə mükafat ala bilməz. Bu, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də qadağandır.

Takahaşi bütün bunları inkar edir. O israr edir ki, konsaltinq xidmətlərinin xarakteri Olimpiadaya deyil, bütövlükdə idmana aid idi. 


Xəbər xətti