"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" klubu ilə oynayacağı görüşün hakimləri bəlli olub.
Sportarena.az xəbər verir ki, avqustun 20-də Zaqrebdə baş tutacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Qlenn Nyberqdir. Ona yan xətt hakimləri Mahbud Beygi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyası isə Adam Ladebökə tapşırılıb.
VAR hakimləri Bastian Dankert və Yohan Pfiferdir. Hər iki hakim Almaniyadandır.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandaların cavab oyunu isə avqustun 28-də Bakıda baş tutacaq.