Daha iki karateçimiz Premyer Liqanın finalına çıxdı

23:58 3 Sentyabr 2022

Bakıda keçirilən karate üzrə Premyer Liqa turnirində daha 2 Azərbaycan idmançısı finala çıxıb. İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sentyabrın 4-də keçiriləcək final döyüşünə vəsiqə qazanıb.
 
Zaretska Nisrin Bruka (Mərakeş) 3:0, Qurbanlı isə təcrübəli Qoqita Arkanianı (Gürcüstan) 5:1 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib.
 
İrina Zaretska finalda Silvia Semeraro (İtaliya), Asiman Qurbanlı isə Taha Mahmudla (Misir) qarşılaşacaq.
 
1/4 finalda Asiman Qurbanlıya uduzmuş Murad Hacızadə (+84) bürünc medal üçün təsəlliverici görüşdə məhz Qoqita Arkania ilə qarşılaşacaq. Həmçinin, yarımfinalda Yussef Bədəviyə (Misir) 0:6 hesabı ilə uduzmuş Turqut Həsənov (84 kq) bürünc medal üçün döyüşəcək.
 
Bu gün mübarizəyə qatılmış Roman Heydərov (kata), Pənah Abdullayev, Ayxan Mamayev (hər ikisi 84 kq) və Ayla Rzazadə (61 kq) isə medalsız qalıb.
 
Beləliklə, Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) sentyabrın 4-də final görüşünə çıxacaq. Eyni gündə Turqut Həsənov (84) bürünc medal, Tural Ağalarzadə (66 kq) və Murad Hacızadə (+84 kq) təsəlliverici görüşdə iştirak edəcək. 


Xəbər xətti