Azərbaycan Şahmat Federasiyasının prezidenti milli üzvləri ilə görüşüb

12:04 19 Sentyabr 2022

Azərbaycan Şahmat Federasiyasında qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov Hindistanda baş tutan Ümumdünya Şahmat Olimpiadası və Çexiyadakı şəxsi Avropa Çempionatının yekun nəticəsi barədə danışıb:
 
“Hindistanda Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılardan ibarət yığma əzmkar mübarizə sərgilədi. Son turadək çempionluq şansı var idi. Millimizin mükafatçılardan kənarda qalması ədalətsiz nəticə oldu. Amma şahmatçılarımız gələcəkdə bizi böyük qələbələrə sevindirməyə hazır olduqlarını göstərdi.
 
Çexiyadakı şəxsi Avropa çempionatında qazanılan medalları şahmatçılarımızın yüksək ustalığının və gərgin əməyinin nəticəsi kimi qiymətləndirirəm. Günay Məmmədzadə çempionluğa çox yaxın oldu, sonda gümüş medalla kifayətləndi. Ülviyyə Fətəliyeva Vətənə bürünc medalla qayıtdı. Bu nəticələr gələcəyə böyük ümidlə baxmağa imkan verir. Hiss olunur ki, millimiz böyük qələbə ərəfəsindədir. Dövlətimiz daim şahmatçılara böyük diqqət göstərir. Azərbaycan Şahmat Federasiyası olaraq qadın şahmatçılarımıza gələcəkdə də lazımi şəraiti yaratmağa çalışacayıq. Eyni zamanda mühüm əhəmiyyət kəsb edən turnirlərdə iştirakınız, məşqçi heyəti ilə hazırlığınız təmin olunacaq”. 
 
AŞF-nin 1-ci Vitse-Prezidenti Faiq Həsənov qadın şahmatçıların uğurunu təlim-məşq toplanışlarında aparılan yüksək hazırlığın nəticəsi kimi dəyərləndirib: “Olimpiadada qızlarımız heç bir rəqibdən çəkinmirdi. İddialı komandalara qarşı layiqli mübarizə aparmaqla böyük təcrübə göstərdilər. İndiyə qədər heç vaxt qadın yığmamız bu səviyyədə hazırlıq keçməyib. Uğurlar yüksək hazırlığın nəticəsidir. İnanıram ki, növbəti olimpiadada qadın yığmamız ilk üçlükdə yer alacaq”.
 
Qadın şahmatçılardan ibarət millinin kapitanı Nicat Məmmədov olimpiadada medal qazana bilmədiklərinə görə məyus olduqlarını bildirib: “Hindistanda ilk turlarda medal qazanmaq uğrunda iddiamızı göstərməyə çalışdıq. Ümumilikdə oyunumuzu yaxşı qiymətləndirmək olar. Amma təəssüf medal qazana bilmədik. Medalsız qalmağımız bizi məyus etdi. Fikrimcə millidəki hər bir şahmatçı üzərində çalışmağı davam etdirməlidi. Milli üzvləri inkişafını artırmalıdı”.
 
Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva çıxış edərək yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür edib: “Mötəbər yarışlar ərəfəsində yaxşı hazırlıq keçdik. Hiss olunur ki, komandamıza inanırlar. Bu bizə əlavə güc verir. Dəstəyə görə federasiya rəhbərliyi, məşqçi heyətinə çox sağ ol deyirəm”.
Qitə çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə gələcəkdə daha güclü məşqçi heyəti ilə çalışmaq istəklərini söylədi: “Milli komanda olaraq inkişaf etmək istəyiriksə məşqlər davam etməlidir. Gələcəkdə daha güclü məşqçi heyəti ilə işləmək istəyərdik”.


Xəbər xətti