“Qrupdakı bütün matçlarda yaxşı oyun sərgilədik” - Canni De Byazi

22:34 25 Sentyabr 2022

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. İtaliyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq. Komandamın ikinci hissədə göstərdiyi oyundan razı qaldım. Ümumiyyətlə, qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgilədik. Birinci turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir”.
 
De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasının səbəbini belə izah edib: "Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".
 
Baş məşqçi qələbədən sonra azarkeşlərə yaxınlaşmamaları barədə danışıb: "Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".
 
İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbini açıqlayıb: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən”. 


Digər xəbərlər

Xəbər xətti