“Gəldiyin ölkənin komandasına qol vurmaq gözəldir” - Abdulla Zubir

12:28 29 Sentyabr 2022

"Qarabağ"ın futbolçusu Abdullah Zubir "CBC Sport" kanalına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı vinger komandanın qarşıdakı oyunlara hazırlığı ilə bağlı danışıb. O, bütün matçlara ciddi yanaşdıqlarını deyib:

 

"Mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşırıq. Əvvəlcə "Neftçi", daha sonra isə "Olimpiakos"la matçımız var. Çalışacağıq ki, bu oyunlarda yaxşı formada olaq".

 

Fransalı vinger Avropa Liqasının qrup mərhələsində "Nant"la keçirdikləri oyun haqda da danışıb. O, Fransa klubuna qol vurmağın özəl olduğunu deyib:

 

"Mən fransalıyam. Karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir".

 

Zubir  "Qarabağ" karyerası ərzində ən unudulmaz və ən məyusedici oyunları da deyib:

 

"Konfrans Liqasının qrup mərhələsində "Kayrat"la oyun (2:1) möhtəşəm alınmışdı. Komanda tarixində ilk dəfə qrupdan çıxmışdı. Hava soyuq idi və matç çətin keçmişdi. Ən çox məyus olduğum isə "Viktoriya" ilə matç (2:1) oldu. Çempionlar Liqasına getməyə yaxın idik, ancaq olmadı. Qismət".

 

Təcrübəli oyunçu Azərbaycana gəlişi haqda da danışıb. O, daha əvvəl futbolumuz haqda məlumatının olmadığını bildirib:

 

"Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda məlumatım yox idi. Burada oynayan tanışım var idi və bura gəlməli olduğumu dedi. Çox düşünmədim və təklifi qəbul etdim". 


Digər xəbərlər

Xəbər xətti