"Sumqayıt"ın 197 gündən sonra gələn qələbəsi

14:28 5 Dekabr 2022

“Sumqayıt” Premyer Liqanın 2022/23 mövsümündə ilk qələbəsini qazanıb.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 16-cı turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

​Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.


Xəbər xətti