"Hesaba görə emosiyalı hisslər yaşamadım" - Laurentsiu Regekampf

20:47 5 Fevral 2023

“Hesaba görə o qədər də emosiyalı hisslər yaşamadım. Bu inamı mənə futbolçularım veriblər”.

 

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

 

Rumıniyalı mütəxəssis getdikcə daha yaxşı çıxış edəcəklərinə əmindir:

“Oyunun əvvəlindən sonuna qədər nəzarət bizim tərəfimizdə idik. Şanslardan yararlanmaq üçün daha yaxşı konsentrasiya olunmalı və ötürmələrdə sürətli davranmalıyıq. Bu cür davam etməliyik. Artıq ikinci oyundur ki, eyni “11-lik”lə çıxış edirik. Futbolçular bir-birlərini daha yaxşı tanımağa başlayırlar”.

 

48 yaşlı baş məşqçi yarımmüdafiə xəttində çıxış edən Azər Əliyevdən razılıq bildirib:

“Azər həm cinahda, həm də mərkəzdə oynaya bilər. Onun daimi mövqeyi sol cinahdır. Orada daha yaxşı çıxış edir. Ancaq hazırda Eddi İsrafilov zədəlidir və bizə yerli oyunçu lazımdır. Azər indiki məqamda ən yaxşı çıxış yoludur. Ondan razıyam. İki matçdır həmin mövqedə oynayır və hər ikisində qələbə qazanmışıq”.


Digər xəbərlər

Xəbər xətti