8 erməni Bakıya gələ bilər

09:34 31 May 2023

Kişilər və qadınlar arasında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçılarının bir qismi müəyyənləşib. FIDE mundialda iştirak etmək hüququ qazanan qrossmeysterlərin konkret olaraq yarısına iştirak üçün dəvət göndərib.

 

Sportarena.az xəbər verir ki, onlar iyunun 2-dək yarışda iştirakı təsdiq edən müqaviləni FIDE-nin mail adresinə göndərməlidirlər.

 

Dünya Kubokuna qatılacaq azərbaycanlı qrossmeysterlərin 11-i artıq məlumdur. Onlardan 7-si kişi, 4-ü isə qadındır. Abdulla Qədimbəyli, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Misrəddin İsgəndərov, Qədir Hüseynov və Nicat Abbasov kişilərin, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva isə qadınların yarışına dəvət alıblar.

 

Reqlamentə əsasən, digər iştirakçılara iyunun 1-də dəvət göndəriləcək.

 

Ümumilikdə 71 federasiyadan 206 kişi şahmatçının Dünya Kubokunda iştirakı planlaşdırılır. Həmçinin 36 federasiyanın da 103 qadın təmsilçisinə dəvət göndəriləcək. Bütün federasiyalar ən geci iyunun 30-dək bütün iştirakçılarını təsdiqləməlidirlər. Turnirin mükafat fondu isə 2,5 milyon ABŞ dollarıdır.

 

Son dünya çempionu olan çinli Din Liren, eyni zamanda vitse-çempion Maqnus Karlsen, Serey Karyakin, Vladimir Fedoseyev kimi qrossmeysterlər də dəvətlilər sırasındadır.

 

Dünya Kubokunda iştirakı nəzərdə tutulan Ermənistan şahmatçıları da var. İlk siyahıda 8 erməni təmsilçisi mövcuddur. Ancaq onlar da yarışda iştirakı təsdiqləməlidirlər.

 

Qeyd edək ki, Dünya Kuboku iyulun 29-dan avqustun 25-dək baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti