Nikolov Kaxaber Sxadadzeni "İnter"dən göndərməyə hazırlaşır - "Onu əvəzləyəcək şəxsi tapmalıyıq"

15:08 26 Dekabr 2014

"Bakı" "İnter"inin  baş məşqçisi Kaxaber Tsxadadze klub prezidenti Georgi Nikolovu xəbərdar etmədən Gürcüstan millisinin "sükanı arxası"na keçib.

Sportarena.az report.az-a istinadən xəbər verir ki, bu barədə Nikolovun özü açıqlama verib.

 

Hazırda vətəni Bolqarıstanda olan klub prezidenti Tsxadadzenin ondan xəbərsiz klubun fəxri prezidenti və Direktorlar Şurasının sədri Cahangir Hacıyevlə danışıqlar aparmasını və eyni vaxtda iki yerdə işləməyə razılıq almasını düzgün hərəkət saymayıb: "Mən daim Tsxadadzeyə dəstək olmuşam. Hətta komandamız üçün ən çətin və yayda daha sərfəli təkliflərin gəldiyi vaxtlarda onu saxlamağa çalışmışam və buna nail olmuşam. İndi isə mənim xəbərim olmadan cənab Hacıyevlə danışıqlar aparması və məni pis vəziyyətdə qoyması, yumşaq desəm, qeyri-centlmen davranışdır. Bəlkə də hazırda xaricdə olduğumdan, birbaşa fikrimi öyrənməyib. Amma elektron poçt və digər vasitələrlə öyrənməsi mümkün idi".

 

Nikolov 46 yaşlı mütəxəssisin eyni vaxtda iki yerdə işləməsindən "İnter"in daha çox əziyyət çəkəcəyini bildirib. Onun sözlərinə görə, Tsxadadze müxtəlif ölkələrin çempionatlarında çıxış edən gürcüstanlı futbolçuları izləməli, səfərlərdə olmalı, Gürcüstan millisinin təlim-məşq toplantılarını təşkil etməlidi: "Bütün bunlar "İnter"in hazırlıq prosesinə problem yaradacaq. Ona görə də elə indidən baş məşqçi axtarışlarına başlamalı və fevraladək Tsxadadzeni əvəzləyəcək şəxsi tapmalıyıq. Hazırkı baş məşqçimizin mövsümün sonunadək "İnter"in "sükanı arxası"nda qalması tərəfimizdən məcburi addım olacaq".   

 

Qeyd edək ki, Tsxadadze dekabrın 25-də Gürcüstan milli komandasına baş məşqçi təyin olunub. Gürcüstan Futbol Federasiyası ilə bağladığı müqaviləyə əsasən, Tsxadadze 2015-ci ilin iyununadək həm "İnter" və millinin "sükanı arxası"nda olacaq, sonra isə klubu tərk edərək, 2017-ci ilin sonlarınadək yalnız qonşu ölkə millisində çalışacaq.


Digər xəbərlər

Xəbər xətti