Arif Əsədov : "Metallist", "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər" - AÇIQLAMA

15:18 26 Dekabr 2014

"Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulub. Təlim-məşq müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı, oyun günləri də məşq planlaşdırılıb".

Sportarena.az xəbər verir ki, bu sözləri klubun rəsmi saytına açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Antalyada 6 yoxlama oyunu keçirəcəklərini bildirən mütəxəssis sparrinq-rəqibləri dəyərləndirib:

"Orada olduğumuz müddətdə azı 6 yoxlama oyunu keçirəcəyik. Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, "Metallist" Xarkov, "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Amma belə olan halda oyunlarımızı məskunlaşacağımız "Mardan İdman Kompleksi"ndən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdi. Ona görə də təlim-məşq keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik. Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" komandası Asiya Çempionlar Liqasının da iştirakçısıdır. Ümumiyyətlə rəqiblərimiz müxtəlif oyun üslubuna malik komandalardır. Belə olan halda çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq. Təlim-məşq müddətində gənc yerli oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".


Xəbər xətti