Millimizin baş məşqçisi: "Onlar bütün oyunlarda ürəklərini meydanda qoydular"

20:19 11 Yanvar 2015

“Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı”.

Sportarena.az xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə beşinci yer uğrunda Belarusla oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi komandası yaradılan şəraitə görə AFFA rəhbərliyinə minnətdarlıq edib: “Azərbaycan millisinin Sankt-Peterburqdakı turnirin tarixi ərzində ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz. Futbolçularım turnir boyu ürəklərini meydanda qoydular”.

Adam oyunun sonunda qapıçı dəyişikliyi etməsinə də münasibət bildirib: “Sərəncamımda iki yaxşı qapıçı var. Ötən il də burada qapıçı dəyişikliyi etmişdik və bu, bizə uğur gətirmişdi. Bu gün də eyni addımı atdıq. Ümumiyyətlə, meydana buraxdığım qapıçı penaltilər seriyasında usta sayılır. Bütün bunlarda komandamızın qapıçılarla işləyən məşqçisinin də böyük rolu var. Onu 4 ildir tanıyıram. Daim öz üzərində çalışır. Geridə qalan müddətdə bütün seminarlara qatılıb”.(futbolxeber.az)


Xəbər xətti