Qara Qarayev: "Böyük bir problemimiz yoxdur"

Sportarena.az      2 Fevral 2015 , 23:00

"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

- Əvvəlcə Antalyadakı hazırlığınızdan danışaq. Çempionatın ikinci yarısına necə hazırlaşa bildiniz?

- Hər şey plan üzrə gedirdi. Əsas məqsədimiz o idi ki, toplanışı zədəsiz başa vuraq. Şükürlər olsun ki, istəyimizə nail olduq. Təlim-məşq toplanşımız çox səmərəli keçdi. Ancaq yoxlama görüşlərimiz o qədər də ürəyimiz istəyən kimi olmadı. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Qarşıda hazırlaşmaq üçün bir həftəmiz də var. 

- Qeyd etdiyin kimi, yoxlama oyunlarında komandanız istənilən kimi çıxış etmədi. Altı matçdan yalnız birində qalib gələ bildiniz.

- Bəli, burada yorğunluq amili də özünü göstərdi. Yükləmələr çox olurdu.  İlk sınaq matçında uduzduğumuz üçün psixoloji durumumuz da qaydasında olmaya bilərdi. Həm də bizim tək istəyimiz qalib gəlmək deyildi. Sadəcə oyun təcrübəmizi artırmalı və çatışmazlıqlarımızı aşkar etməli idik. Bu baxımdan həmin oyunların əhəmiyyəti böyük idi. 

- "Qarabağ" çempionata hazırdır?

- Deməzdim ki, tam hazırıq. Müəyyən çatışmazlıq var. Qarşıdakı bir həftə ərzində bunları aradan qaldırmağa çalışacağıq. 

- Söhbət hansı çatışmazlıqlardan gedir?

- Böyük bir problemimiz yoxdur. Sadəcə tam istədiyimiz kimi formaya düşməmişik. Demək olmaz ki, konkret hansısa mövqedə çatışmazlıqlar var. Mövcud problem ümumi komandaya aiddir. "Bakı" ilə oyuna qədər hər şey qaydasına düşəcək. 

- Əsas rəqiblərinizdən olan "İnter" və "Neftçi"nin xal itirməsi "Qarabağ"ı bir qədər də hədəfinə yaxınlaşdırırmı?

- Üçüncü dövrə hələ indi başlayır. Biz də digər komandalar kimi xal itkiləri ilə üzləşəcəyik. Buna görə də "İnter" və "Neftçi" xal itkisi çox yaxşı vəziyyətə düşməyimiz demək deyil. Bunu düşünsək, özümüzü aldatmış olarıq. Bunları fikirləri başımızdan atmalıyıq. Çünki bizə bunun ancaq ziyanı dəyə bilər. Rəqiblərimiz xal itirsə də, biz də bununla üzləşəcəyik. "Neftçi" və "İnter"in xal itirməyi əslində çempionatımızın gərgin keçdiyini göstəririr. Deməli, biz də istənilən vaxt uğurszuluğa düçar ola bilərik. 

- Ötən mövsüm çempionatın başa çatmasına xeyli qalmış "Qarabağ"ın çempion olacağını deyirdilər ki, bu da komandanıza mənfi təsirini göstərdi. Artıq yenə "Qarabağ"ı  çempion hesab edənlər az deyil. Bu barədə nə deyə bilərsən? 

- Bizi çempionluğa layiq bilən hər kəsə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, bizi o yerə layiq görürlər. Amma biz futbolçular bu düşüncə ilə qabağa gedə bilmərik. Təsəvvür edin ki, qarşıdan gələn oyunu yox, may ayında qeyd edəcəyimiz çempionluğu düşünürük. Bu nə dərəcədə düzgün olar? Ancaq önümüzdəki oyunu fikirləşməliyik ki, maksimum nəticə qazanaq və yekunda çempion olaq. Çempion olmaq haqda düşünmək ikinci planda olmalıdır. Başqa cür mümkün deyil. Çempionluq yolunda kifayət qədər ciddi rəqiblərimiz var. Onların hər biri bizə qarşı fərqli oyun nümayiş etdirir. Ona görə də çempionatın ikinci yarısı bizim üçün daha çətin olacaq. Bizi çempion saymaqları yalnız ziyanımızadır. Yalnız qarşıdakı oyuna düzgün köklənməklə istəyinə çata bilərsən.

- Qarşıdakı oyununuz "Bakı" ilə olacaq... 

- "Bakı"nın gənc futbolçulardan ibarət mübariz bir kollektivi var. Bu da bütün rəqibləri narahat etməlidir. Gənc futbolçular nəticə üçün sona qədər əzmlə mübarizə aparır. "Bakı" ilə qarşılaşma çempionatın ağır oyunlarından biri olacaq. Çalışacağıq ki, qalib gələk. Qeyd etdiyim kimi, çempionatın bundan sonrakı hissəsi bizim üçün ikiqat çətin olacaq.    

- Bu çətinliklər arasında komandanızın yeni transfer etməməsi də ola bilər?

- Yaxşı transfer komandaya köməkdir. Yeni futbolçunun bizə lazım olub-olmamağını isə baş məşqçimiz yaxşı bilər. Hər halda komandada nə qədər çox futbolçu olsa, bir o qədər də rəqabət olar. Yaxşı bir transfer etsəydik, köməyimizə çatardı. Ancaq bu o demək deyil ki, bir oyunçu gəlsə, bütün işlərimiz düzələcək. Bununla belə, yaxşı oyunçulara hər zaman ehtiyac var. 

- İlin ən yaxşı futbolçusu olan Qara Qarayevə hansısa klubdan təklif gəldimi?

- Hələ ki, heç bir rəsmi təklif almamışam. Həqiqətən mən də çox istəyirəm ki, xarici klubların birində çıxış edim. Elə bir klubda oynamaq istəyirəm ki, gələcək karyerama da kömək olsun. Heç bir təklif almadığımdan fikrim ancaq "Qarabağ"dadır. Yalnız bu komandanın uğurları haqda düşünürəm. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin