Elnur Abdullayev: "Hərəkətimin düzgün anlaşılmadığına üzülürəm"

22:32 3 Fevral 2015

Fevralın 1-də Zaqtalada keçirilmiş oyunda Elnur Abdullayevin qol atdıqdan sonra etdiyi məlum jesti ətrafında gedən söhbətlər səngimək bilmir.Hətta artıq futboçunun özünü də bu söz-söhbətlər narahat etməyə başlayıb.

Sportarena.az xəbər verir ki, fevralın 3-də axşam saatlarında Elnur Abdullayev 12cioyuncu.info azarkeş saytı ilə əlaqə saxlayaraq mövzu ətrafında fikirlərini bölüşmüş və hərəkətinin yanlış anlaşıldığını qeyd etmişdir. Futbolçunun dediklərini olduğu kimi təqdim edirik.

“Əvvəla bütün “Xəzər Lənkəran” azarkeşlərini salamlayıram. Qeyd edim ki, mən Lənkərandan da “Xəzər Lənkəran” klubundan və azarkeşlərindən də əsla narazılıqla ayrılmamışam. Ümumiyyətlə hansısa narazılıq üçün heç bir səbəb də olmayıb. Aramızda ayrılanda da xoş münasibətlər olub. Elə indi də var. Mənim yeni komandada çıxış edərək köhnə komandamın qapısına qol vurduqdan sonra yaşadığım sevinc hisslərinin kökündə isə ümumiyyətlə hər hansı acıq çıxmaq dura bilməzdi. Mənim o kluba da böyük hörmətim var, azarkeşlərini də sevirəm. Sadəcə yeni komandamın heyətində ilk rəsmi oyunda qol vurmağıma çox sevinmişdim. Və ehtiyatda olan komanda yoldaşım olan, qapıçı demişdi ki, əgər qol vursam ilk olaraq onunla sevincimi bölüşüm. Belə də etdim. Qaldı səcdə getməyimə inanın ki, bunun “Xəzər Lənkəran”a qarşı hər hansı pis niyyətlə əlaqəsi ola bilməz. Nə hansısa pis niyyətim olmayıb nə acıq vermək məqsədim olmayıb. İllərlə orada oynamışam. Klubdan da azarkeşlərində də yalnız hörmət görmüşəm və hörmətimiz də daim qarşılıqlı olub. Tam səmimiyyətimlə deyirəm ki, hazırda da hörmətim olduğu kimi qalıb. Hərəkətimin düzgün anlaşılmadığına üzülürəm. İnanmaq istəyirəm ki, anlaşılmazlıq tezliklə unudulacaq. Sonda “Xəzər Lənkəran”a və çoxsaylı azarkeş ordusuna uğurlar arzulayıram. ”

 


Xəbər xətti