Muarem Muarem: "Qurban Qurbanov bizə güvənir" - MÜSAHİBƏ

18:56 4 Fevral 2015

“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin apasport.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

- Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “İnter” oyunundakı sayılmayan qolunuzla bağlı UEFA-nın qərarı sabah açıqlanacaq. Klubun vitse-prezidenti Tahir Gözəl qolun sayılacağına, “Qarabağ”ın lehinə qərar veriləcəyinə ümid etmədiyini bildirib. Siz bu barədə nə düşünürsüz?

- Nə deyəcəyimi bilmirəm. Təbii ki, qərarın lehimizə olmasını istərdik. Amma nə edə bilərik ki? Qərarı UEFA verəcək. İndiyə qədər belə halın yaşanıb-yaşanmadığını da bilmirəm. Ümidlənmək istəmirik. Ancaq yenə də lehimizə qərar verilsə, çox sevinərik.

 

- Digər klublardan fərqli, “Qarabağ” Antalya toplanışından ən gec qayıtdı. Türkiyədəki hazırlıq prosesindən razı qaldınızmı?

- Tam razı qaldıq. Hazırlığımız əla keçdi. Antalyada olduğumuz 20 gün ərzində həm məşqlərdə, həm də yoxlama görüşlərində ürəklə iştirak etdik. “Qarabağ” çempionatın ikinci yarısına tam hazırdı. Buna əmin ola bilərsiz.

 

- Qış fasiləsindən sonra çempionatdakı ilk oyununuzu “Bakı”ya qarşı keçirməlisiz. Amma mətbuatda yayılan məlumata görə, maddi problemlər içində “boğulan” rəqib bu görüşə çıxmaya bilər...

- Biz “Bakı” ilə oyuna hazırıq və rəqibin matça çıxmaması variantını düşünmürük. Bizim hədəfimiz bu görüşdən 3 xalla ayrılmaqdı. Çünki həmişə turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik. “Bakı”nın vəziyyəti ilə maraqlanmıram, bu mənim işim deyil. Məni “Qarabağ”ın çıxışı maraqlandırır.

 

- Çempionluq mübarizəsində əsas rəqibləriniz sayılan “Neftçi” və “İnter” 3-cü dövrəyə xal itkisi ilə başladılar. Bu, “Qarabağ”ın qızıl medalları qazanmaq şansını bir qədər də artırmadımı?

- İndidən bu barədə danışmaq tezdi. Biz də növbəti turlarda xal itkisi ilə üzləşə bilərik. Düzdü, “Neftçi” və “İnter”in qələbə qazana bilməmələri bizim üçün yaxşı oldu. Amma biz öz oyunumuz haqda düşünməliyik, rəqiblərimiz barədə yox.

 

- Qış fasiləsində “Qarabağ” İnnosent Emeqara ilə yolları ayırdığı halda, heyətinə yeni futbolçu qatmadı. Bu, komandanın zəifləməsinə səbəb ola bilərmi?

- Mən belə düşünmürəm. Düzdü, yeni transfer olmadı. Amma bu, baş məşqçinin qərarıdı. Görünür, Qurban Qurbanov bizə güvənir, buna görə də yeni oyunçunun alınmasına ehtiyac duymayıb.

 

- Adınız uzun müddət Türkiyənin “Əskişəhərspor” klubu ilə birgə hallandı. Ora keçəcəyiniz gözlənilsə də, “Qarabağ”da qalası oldunuz. Halbuki “Əskişəhərspor”a keçmək istədiyiniz deyilirdi...

- Həmin klubdan təklif gəlmişdi. Ancaq klublar öz aralarında razılığa gələ bilmədilər. Mən hazırda burdayam və fikrimi yalnız “Qarabağ”a yönəltmişəm. Başqa klub haqda düşünmürəm.

 

- “Əskişəhərspor” yayda sizə yenidən təklif göndərsə, hansı addımı atarsız?
- Hələ yaya çox var (gülür). İndidən bu barədə düşünmək istəmirəm. “Qarabağ”ın heyətində ikinci dəfə Azərbaycan çempionu olmaq istəyirəm.

 


Xəbər xətti