Həvəskar komandanın məşqini 6000 nəfər izlədi - FOTO + VİDEO

19:18 16 Fevral 2015

Madriddə, Mançesterdə, Münhendə, lap elə İstanbulda keçirilən oyunlara 10 minlərlə azarkeş gəlir. Burada baş tutan futbolçu təqdimatlarında da stadionu doldurmaq mümkün olur. Vaxtilə bunun canlı şahidi olmuşuq. Hətta belə böyük şəhərlərdə komandaların məşqinə minlərlə azarkeşin təşrif buyurması adi qarşılana bilər.

 

Bu yaxınlarda sizə Almaniyanın həvəskar liqasındakı oyunlardan birinin 30 min tamaşaçı topladığını xəbər vermişdik. Heyrətlənmişdik də, amma yenə də bunun oyun olduğunu əsas götürsək, hardasa normal qarşılamaq olar. Amma Hollandiya çempionatında adi bir komandanın oyununa yox, məşqinə 6 min azarkeş gəlirsə... Bu artıq fantastikadır.

 

Sportarena.az xəbər verir ki, Erediviziyaya ötən il yüksələn “Kambur”un məşqində anşlaq olub. Daha doğrusu, “Herenven”lə derbi matçı ərəfəsində keçirilən son məşqdə arenada ağız deyəni qulaq eşitməyib. Fotolardan və videodan da göründüyü kimi bu kadrlar hansısa oyunda yox, məhz məşqdə çəkilib.

 

Hazırda Hollandiya çempionatında 11-ci pillədə qərarlaşan “Kambur”un ev oyunlarını keçirdiyi arenanın tutumu 10 min nəfərdir. Komandanın təmsil etdiyi Leuvarden şəhərinin əhalisinin 100 minə yaxın olduğu deyilir. Təsəvvür edirsiz, şəhərin 6 faizi sevimli komandalarının məşqini də izləyir.

 

Bizdə isə milyonlarla insanın yaşadığı Bakıda stadionlar heç ən vacib oyunlarda belə yarıya qədər dolmur. Məşqlərdən isə danışmağa dəyməz. İlahi, biz nə qədər geridə qalmışıq!!!

 

Qeyd: həmin məşqdən sonrakı derbi matçında “Kambur” “Herenven”I məğlub edib - 2:1.

 


Digər xəbərlər

Xəbər xətti