Qadın hokkeyçilərimiz Olimpiya Oyunlarına gedə bilərlər

16:58 24 Mart 2015

Fevralın 13-dən 23-dək Uruqvayın Montevideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının 8 iştirakçı arasında 3-cü yeri tutması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, o zaman həmin yarışın finalçıları - İtaliya və Uruqvay yığmaları Dünya Hokkey Liqasının növbəti - 3-cü raunduna birbaşa vəsiqə qazanmışdılar.

Beynəlxalq Hokkey Liqası Turnirinin Reqlamentinə görə, növbəti Yay Olimpiya Oyunlarında  iştirak hüququ qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən anoloji yarışların yekununda finalçılardan əlavə 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik 1 komanda da növbəti mərhələyə çıxmaq hüququ qazanmaq imkanına malik idi.

Mart ayının ilk yarısında Hindistanda keçirilən yarışın finalçıları - yerli hokkeyçilərlə yanaşı, Polşa yığması da 3-cü mərhələyə vəsiqə qazandı. Həmin turnirdə Dünya reytinq siyahısında 21-ci yei tutan Malaziya millisi 3-cü nəticə göstərdi. 2 gün əvvəl İrlandiyada keçirilən anoloji yarışa da yekun vurulub. Sevindiricidir ki, Dublində arzulamadığımız hadisə ilə üzləşsək də, nəticə bizim xeyrimizə olub. Belə ki, hokkeyçilərimizdən 5 reytinq balı artıq toplamış və siyahıda 18-ci yerdə (bizim komanda 19-cu pillədədir) qərarlaşan Belarus millisi 3-cü yer uğrunda Çili təmsilçiləri ilə qarşılaşıb. Xoşbəxtlikdən həmin görüşdə Çili hokkeyçiləri 3:2 hesabı ilə qalib gələrək belarusları 4-cü yerə sıxışdırıblar. Çilli komandası reytinq sıyahısında həmyerlilərimizdən 1 pillə geri olduğu üçün bizim hokkeyçilərimizə rəqabət göstərə bilməyib.

Belə olan halda 3 yarışın yekununda 3 cüt finalçı ilə yanaşı, 3-cü yeri tutanlar arasında ən yüksək nəticəyə malik Azərbaycan millisi də növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün yolunu davam etdirəcək. Dünya Hokkey Liqası turnirinin 3-cü mərhələsində mübarizə aparacaq 20 komanda hərəsində 10 iştirakçı olmaqla 2 şəhərdə  qüvvələrini sınayacaq. Həmin yarışın hər birindən ilk 3 yeri tutanlar Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar.

Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar, o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərlər. Artıq Azərbaycan millisinin daxil olduğu yarışdan 4 yerə layiq görülən komandanın belə bir hüquq əldə etməsi indidən bəllidir. Belə ki, bu il iyunun 20-dən iyulun 4-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin 3-cü mərhələsində mübarizə aparacaq 10 iştirakçıdan biri artıq başa çatan Asiya çempionatının qalibi Koreya hokkeyçiləridir. Digər rəqiblərimiz isə Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Yeni Zelandiya və Polşa hokkeyçiləri olacaq.

Digər 10 komanda isə iyunun 10-dan 21-dək İspaniyanın Valensiya şəhərində mübarizə aparacaq. Yarışın hansı sistemlə təşkil ediləcəyi hələlik bəlli deyil. Sevindiricidir ki, Dünya Hokkey Liqası Turnirinin 2-ci raundunda keçmiş Sovetlər Birliyi Respublikalarından 6 komanda mübarizə aparsa da, 3-cü raunda onlardan yalnız biri - Azərbaycan millisi planetimizin 20 ən güclüsü sırasında  mübarizəni davam etdirmək hüququ qazana bilib. İnanırıq ki, 2 dəfə (2008-ci ildə Bakıda və 2012-ci ildə Yaponiyada) olimpiya seçmə turnirlərinin final oyununda məğlub olan qadın otüstü hokkeyçilərimiz bu dəfəki şansdan maksimum yararlanmağa çalışacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti