"Qəbələ"nin məşqçisi: "O, tələblərimizə cavab verən qapıçıdı"

12:32 18 May 2015

Roman Qriqorçukun “Qəbələ”yə gəlisindən sonra əsas komandada qapıçılarla isləyən məşqçi vəzifəsində yeni şəxs, baş məşqçinin yerlisi Andrey Qlusenko təyin edildi. Zahiri görünüşcə keçmiş həmkarı Dmitri Kramarenkoya bənzəyən Qluşenko "Qəbələ İK" qəzetinə müsahibəsində karyerasından və gənc həmkarlarından danışıb.

 

“40 yaşadək oynaya bilərdim”

 

O, peşəkar futbola gəlişini bəxtinin üzdə olması ilə əlaqələndirsə də, karyerasını 35 yaşında bitirməsini düşünmədən qərar verməsi ilə izah edir. Bir vaxtlar “isti başla” qərar verdiyinə görə indi özünü qınasa da, taleyindən və karyerasından şikayətçi deyil: “Uşaq futbol məktəbini bitirməsəm də, oynadığım vilayət çempionatında məni gözaltı etdilər və dərhal Premyer Liqa klubuna düşdüm. Bu, mənim üçün böyük sıçrayış idi. Təbii ki, əlimə düşən şansı dəyərləndirdim. Karyeramın böyük hissəsini, ən yaxşı illərimi Zaporojye təmsilçiləri - “Torpedo” və “Metallurq”da keçirdim. 35 yaşımda “İlyiçevets” (Mariupol) klubuna getdim. Burada baş məşqçi mənə etibar etmədiyinə görə, qapıçılara işləyən məşqçi qismində “Metallurq”un rəhbərliyinə xidmətimi təklif etdim. Razılıq aldım və məşqçi karyerama başladım. Ancaq 40 yaşadək oynaya bilərdim. Az sonra Roman İosifoviç “Metallurq”a baş məşqçi təyin olundu. 2010-cu ildə Qriqorçuk “Çernomorets”ə keçəndən onun yanına getdim və 4 il həmin klubda birgə işlədik”.

 

Futbolda belə deyim var: güclü qapıçı komandanın yarısıdı. Bu fikirlə tam razı olan ukraynalı mütəxəssisin sözlərinə görə, qapıçı həm də baş məşqçinin meydanda sözçüsü olmalıdı. Baş məşqçiyə bəzən kənardan göstəriş vermək çətin olduğundan bu işi meydanda qapıçı görməlidi. Qluşenko hesab edir ki, qış fasiləsindən sonra “Qəbələ”nin “1 nömrə”si olan Dmitri Bezotosnı bu tələblərə cavab verir: “Metallurq”a gəldiyim gündən, Bezotosnı ilə 6 ildir birgə çalışıram. “Çernomorets”ə keçəndən yarım il sonra Dima da yanıma gəldi. Bezotosnı həm mənim, həm də baş məşqçinin tələblərinə cavab verən qapıçıdır. Hələ 31 yaşı var. Dimadan razı olsam da, hələ üzərində işləməli olduğumuz məqamlar var. Dima ildən-ilə püxtələşir, təcrübəsini artırır. “Metallurq”da işə başlayanda səhvlər,

uğursuz oyunlar olurdu. Amma “Çernomorets” də oyunu daha yaxşı alındı. “Qəbələ”də də özünü yaxşı göstərir. Ümumiyyətlə, Dimanın müsbət keyfiyyətləri çoxdur. Ona kənardan baxsaq, demək olar, zəif cəhəti azdır. Ancaq təbii ki, var və bunları açıqlamaq istəməzdim”.

 

“Onun "sınmayacağını” bilirdik”

 

Qapıçılarla işləyən məşqçimiz “çərçivə”də tez-tez dəyişikliklərin edilməsini məqsədəuyğun saymır: “Qapıçıların hamısının yaxşı səviyyədə olması vacibdi. Ancaq istənilən halda, mütləq bir əsas qapıçı olmalıdı. Bu, ilk növbədə, psixoloji baxımdan vacibdi. Əsas qapıçı oynayacağını bilməli, hər matça hazırlaşmalıdı. Komandada iki bərabərsəviyyəli qapıçı olduqda, onlar oyun praktikası baxımından, əziyyət çəkirlər. Qapıçıları dəyişdikcə, hər biri xəta etməkdən qorxur. Bu isə problem yaradır. Qapıçı oynayacağını bilsə də, səhv etməkdən çəkinməməlidi. Çünki hamı səhv edə bilər”.

 

Səhvdən söz düşmüşkən, Bezotosnının “Simurq”la uğursuz kubok matçını (1/4 fi nal, 0:3) xatırlamamaq olmur: “Həmin gün, sadəcə, Dimanın günü deyildi. O, elə səhvlər buraxdı ki, izahı heç cür mümkün deyil. Səbəb axtarmaq çətindi, bunu etməyin mənası da yoxdu. Bu, sırf bəxtsizlik idi. Çünki Dimanı çox yaxşı tanıyırıq. Biz onun “Simurq”la oyundan sonra psixoloji cəhətdən “sınmayacağını”, növbəti matçda sakit, heç nə olmayıbmış kimi çıxacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Bu, qapıçı üçün çox yaxşı keyfiyyətdi. Hər qolkiper belə səhvləri unudub, yenə yaxşı oynaya bilmir. O, oyuna tez başlamalı, hücumu düz yönləndirməli, son müdafiəçi ilə oynamalı və arxa xətt üzvləri ilə yaxşı anlaşmalıdı”.

 

“Anar məni yaxşı mənada təəccübləndirdi”

 

Sərəncamındakı azərbaycanlı qapıçılardan danışan Qluşenko Anar Nəzirov və Cavidan Hüseynzadədən də razıdı: “Deyə bilmərəm ki, onlar zəif qapıçıdı. Təbii ki, bizə uyğun gəlməsəydilər, komandada olmazdılar. Açığı, Anar öz səviyyəsi ilə məni yaxşı mənada təəccübləndirdi. Hətta bir dəfə onunla meydanda rəqib də olmuşuq. Yerlim Anatoli Demyanenko “Neftçi”də çalışanda Antalyada “İlyiçevets”lə yoxlama oyunu keçirmişdi. Onda mən “İlyişevets”in, Anar isə “Neftçi”nin qapısını qoruyurdu. “Qəbələ”yə keçəndə həmin matçı xatırladıq. Nəzirovla bağlı elə nüanslar var ki, onun üzərində işləyirik. Dima yaxşı oynadığından əvəzlənməyinə əsas vermir. Anarın yaratdığı rəqabət hesabına Bezotosnı da inkişaf edir. Bu isə az əhəmiyyətli deyil. Məncə, Nəzirov indi də milliyə çağırılmağa layiqdi. O, Azərbaycan yığmasına dəvət olunanlardan zəif deyil. Yeganə çatışmazlığı isə oyun praktikasıdı”.

 

Azərbaycanda güclü qapıçıların olması ukraynalı çalışdırıcını yaxşı mənada təəccübləndirib: “Qarabağ”dan bosniyalı İbrahim Şehiçi bəyənirəm. “Neftçi”dən Aqil Məmmədovun əla göstəriciləri var. “Sumqayıt”dan Andrey Popoviç diqqətimi çəkib. Əslən ukraynalı olsa da, yerlimi burda tanıdım. “İnter”dən Səlahət Ağayev də xoşuma gəlir. Elə “Qəbələ”nin özündə də çoxlu perspektivli qapıçılar var. “Qəbələ” U-17-nin qapıçısı Süleyman Süleymanovun boyu diqqətimi çəkib. Onun yaxşı potensialı var. Bilirsiniz, qapıçının boyunun 1,80 metrdən aşağı olması paradoksdu. Qapıçı öz görkəmi, uca boyu ilə meydanda seçilməlidi”.

 

“Kamran Ağayev doğru qərar verdi”

 

Qluşenkoya millimizin “1 nömrəsi” Kamran Ağayevlə də birgə işləmək nəsib olub. Andrey qış fasiləsində Türkiyənin “Kayserispor” klubuna keçən keçmiş qapıçımız haqqında bunları deyib: “Ağayev yaxşı qapıçıdı. Anar da həmin vaxt yaxşı formada idi. Kamran da bunu görürdü. Heç kim zəmanət verə bilməzdi ki, Ağayev həmişə oynayacaq. Fikrimcə, o, hər şeyi götür-qoy edərək doğru qərar verdi”.


Xəbər xətti