Qurban Qurbanov: "İlk qolu vuraq, sonrasını fikirləşərik"

21:07 4 Avqust 2015

“Güclü bir komandaya qarşı vacib oyuna çıxacağıq”. Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Seltik”i qəbul edəcək. Şotlandiyadakı ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdılar.

 

Qurban Qurbanov bildirib ki, “Seltik” əvvəlki mərhələdəki rəqibdən fərqlidi:

 

“Bu dəfə tam komplektləşmiş komandaya qarşı oynayacağıq. “Seltik” xüsusən də, cinah keçidləri ilə seçilən komandadı. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Düzdü, 1 top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər. Biz də nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək”.

 

- Qazonun durumu sizin oyununuza nə dərəcədə təsir edə bilər?

- Bu barədə çox danışmağa ehtiyac yoxdu. Hər şey göz qabağındadı. Bizim işimiz çıxıb əlimizdən gələni etməkdi. Ola bilər ki, qazonun durumu sürətli oyuna mane olsun. Ammma çalışacağıq əlimizə düşən imkanlardan maksimum yararlanaq.

 

- Amma siz yaradıcı futbol göstərirsiz. Hazırkı meydança isə sizin belə çıxışınıza mane olacaq. Sabah hansısa taktiki dəyişiklik olacaq?

- Başqa çıxış yolumuz yoxdu. Çalışacağıq tələbləri yerinə yetirək. Ola bilsin hücumlarımızda hansısa dəyişiklik olsun. Amma yenə də çalışacağıq ən yaxşı oyunumuzu göstərək.

 

- İlk qolu vursanız, müdafiəyə çəkiləcəksiniz?

- İnşallah, ilk qolu vuraq, sonrasını fikirləşərik. Amma daha vacibi qol buraxmamaqdı. Təkcə fikrimiz qol vurmaqda olmamalıdı. Eyni zamanda sona qədər qapımızın da qeydinə qalmalıyıq. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti