Daha bir federasiyada qalmaqal: Maaşlar verilmir, idmançılar məşqə qatılmır

11:31 15 Sentyabr 2015

Azərbaycan Ağır Atletika Federasiyasında acınacaqlı durum hələ də həllini tapmayıb. Baxmayaraq ki, noyabr ayında dünya çempionatı olacaq.

 

Sportarena.az publika.az-a istinadən xəbər verir ki, dopinq qalmaqalından sonra federasiyada vəziyyət hələ də sabitləşməyib. Vaxtilə yığmaya can yandırmış bəzi idmançılar komandadan uzaqda qalıb. Ağır atletlərin özləri də bu durumdan şikayətçidir. Lazımı vitaminlərlə təmin edilməyən komandada, məşqlərdə də problemlər yaşanır.

 

Bir müddət sonra dünya çempionatı keçiriləcək. Amma yığma komandada bununla bağlı hər hansı bir plan yoxdu. Nə toplanış keçirilir, nə də ki, çempionatda ölkəmizi təmsil edəcək idmançıların seçimi aparılır. Ağır atletika yığmasının köməkçi məşqçisi Nizami Paşayev Publika.az saytına verdiyi açıqlamada hələ vaxtlarının olduğunu bildirib:

 

"Milli komandanın heyətində hansı idmançıların çıxış edəcəyi bəlli deyil. Çünki hələ vaxtımız var".

 

Görəsən, federasiya rəsmisi hansı vaxtdan danışır? Təxminən 1 ildən sonra olimpiya oyunları olacaq. 2 ay sonra baş tutacaq yarışa gedəcək idmançılar bəlli deyilsə, olimpiya oyunlarına necə hazırlaşmaq niyyətindədirlər? Hazırda milli komandada baş məşqçi postunu polşalı mütəxəssis Miroslav Çoroş tutur. Köməkçi məşqçilər isə Nizami Paşayev və Xanlar Nəbiyevdir. Ancaq təəssüflər olsun ki, Miroslav Çoroş vəzifəsinin nədən ibarət olduğunu belə unudub. Məlumata görə, federasiyada maaş problemi də hökm sürür. Maaşları verilməyən idmançılar məşqlərə qatılmaqdan imtina edirlər".


Digər xəbərlər

Xəbər xətti