"Qol maşını" və riskli debütant

14:33 20 Yanvar 2016

"Qarşıma məqsəd qoymuşam ki, çempionatın qalan hissəsində daha 18 qol vurum. Bununla da qollarımın ümumi sayını 30-a çatdırmaq istəyirəm”. “Qəbələ"nin əvəzedici heyətinin üzvü Ehtiram Şahverdiyev belə deyir. İstedadlı hücumçu əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatının 2015/16 mövsümünün arxada qalan iki dövrəsində 12 dəfə rəqib qapılarına yol taparaq, ən sərrast futbolçu olub.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin qıs fasiləsinə çempion qismində yollanmasında Ehtiramla yanası, müdafiəçi Amin Seydiyevin də rolu var. “Qəbələ İK” bu sayında sizə hər 2 oyunçunun çempionatla baglı fikirlərini çatdırır.

 

Bu mövsüm Ehtiram Şahverdiyev üçün həqiqətən də uğurlu keçir. O, ötən çempionatda 10 oyunda vur-tut 2 qol vurmuşdusa, artıq bu il 17 oyunda 12 dəfə rəqibi məyus etməyi bacarıb. Necə deyərlər, göz dəyməsin! Bəs görəsən, cari mövsümün fərqli alınması, yəni Ehtiramın məhsuldarlığının əsl səbəbi nədir? Sözü veririk “qol maşını”na: “Əslində, ötən mövsüm mənim üçün çox ağır keçdi. Zədə ucbatından az oyunda iştirak etdim. Hətta zədə builki çempionatın əvvəllərində də mənfi təsirini göstərdi. Formada olmadığımdan, mövsümün startında 3-4 oyunda yaxşı çıxış edə bilmədim. Amma tədricən özümə gəldim, uğurlu oyunlar keçirdim. Bombardirliyimlə bağlı qısaca onu deyə bilərəm ki, hücumçunun işi qol vurmaqdır. Ön xətt oyunçusu hər matçda fərqlənməlidir ki, komandası qələbə qazansın. Büqarşılaşmalara bu istəklə çıxıram”.

 

Şahverdiyev cari mövsümdə ən çox bəyəndiyi qola AZAL-la görüşdə imza atıb: “Demək olar ki, bütün qollarım xoşuma gəlir. Amma ən yaddaqalan qolumu AZAL-la oyunda vurmuşam. Çünki oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı. Artırılan dəqiqələrdə fərqlənməyim komandama 3 xal gətirdi”.

 

Hücumçu çempionatın əvvəlində “Qəbələ”nin ardıcıl məğlubiyyətlərə uğramasını, hətta turnir cədvəlində sonuncu pilləyə düşməsini də unutmayıb. Onun sözlərinə görə, komandanın axırıncı yerdən zirvəyə yüksəlməsi həm də məşqçilər korpusunun əməyi sayəsində gerçəkləşib: “Yayda komandamız, baş məşqçi yeni idi. Biz baş məşqçi Ramin Quliyevin, məşqçi Elmar Baxşıyevin tapşırıqlarını yerinə yetirdikcə, nəticələrimiz yaxşılaşmağa başladı. Bir də gördük ki, layiq olduğumuz yerdə - 1-ci pillədəyik. Ramin müəllim futbolçulara özünəinam hissini qaytarmağı bacardı, onun qurduğu düzgün iş planı sayəsində qış fasiləsinə çempion qismində yollandıq”.

 

Ehtiramın yığma karyerasında da irəliləyiş var. O, bu yaxınlarda yaradılan U-20 milli komandasının təlim-məşq toplanışına çağırılıb. Ancaq futbolçunun hədəfi daha böyükdür. Təbii ki, başlıca məqsəd “Qəbələ”nin əsas komandasına və Azərbaycanın bir nömrəli yığmasının heyətinə düşməkdir: “Çempionatın 3-cü və 4-cü dövrəsində, ən azı, 18 qol vurmaq fikrindəyəm. 2016-cı illə bağlı arzularım odur ki, “Qəbələ” əvəzedicilərin heyətində çempion tituluna yiyələnim, yarışın bombardiri olum. Eyni zamanda özümü yaxşı göstərib, “Qəbələ”nin əsas komandasına düşmək niyyətindəyəm. İstənilən gənc futbolçu şərəfi ni qoruduğu klubun əsas komandasında oynamağı arzulayır”.

 

Ehtiramdan fərqli olaraq, Amin Seydiyevi oxucularla bir qədər də yaxından tanış etmək istəyirik. Axı 17 yaşlı müdafiəçi “Qəbələ”nin əvəzedici komandasının debütantı sayılır. 1998-ci il noyabrın 15-də anadan olan Amin “qırmızı-qaralar”a Bakının “Vətən” klubundangəlib. Bir müddət “Qəbələ” Futbol Akademiyasının müxtəlif yaş qruplarından ibarət komandalarında forma geyinən Seydiyevin əvəzedici komandaya yolu ötən ilin yayında açılıb. Belə ki, həmin vaxt U-17-dən əvəzedicilərə keçən baş məşqçi Ramin Quliyev bu gənci də özü ilə gətirib. Tezliklə yeni komandaya uyğunlaşan perspektivli futbolçu dövrələrarası fasiləyə qədər 9 dəfə meydançaya çıxıb: “Açığı, əvəzedicilərin çempionatında debüt etmək mənə çətinlik yaratmadı. Çünki uşaq komandalarının çempionatında neçə illərdir çıxış edirəm. Lakin əvəzedicilərin yarışında bir qədər fərqli mənzərə mövcuddur. Burada, demək olar, bütün komandalar eyni gücdə olduğundan hazırlıq daha çox məsuliyyət tələb edir. Həm də kollektivdə yaşca balaca olduğumdan, daim irəli getmək istəyim ikiqat artıb”.

 

Sağ cinah müdafiəçisi artıq “Qəbələ”nin əsas komandasının baş məşqçisi Roman Qriqorçukun da diqqətini çəkməyi bacarıb. Bu, ötən il oktyabrın 3-də çempionatın VII turu çərçivəsində evdə “Xəzər Lənkəran” üzərində 4:0 hesablı qələbədən sonra baş verib: “Həmin matçda “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk oyunumu bəyəndi və əsas komandanın məşqlərinə dəvət etdi. Peşəkar futbolçularla, adlı-sanlı oyunçularla ilk dəfə məşqə çıxanda həyəcanlı idim. Amma növbəti məşqlərdə həyəcanım keçdi”.

 

Aminin fikrincə, əvəzedicilərimiz mövqeyini sonadək qoruyub saxlaya biləcək: “Birinci yeri heç bir rəqibə güzəştə getmək fikrimiz yoxdur. Əvəzedici heyətdə keçirdiyim ilk mövsümdə qızıl medal qazanmağım əla olardı”. Hər bir futbolçunun yaxşı cəhətləri olduğu kimi, zəif nöqtələri də var. Elə Seydiyevdə də bu hal istisna deyil: “Ümumiyyətlə, müdafiəçi risksiz oynamalıdır. Amma mən çox risk edirəm. Səhv edəndə isə tez həvəsdən düşürəm”.

 

Buna baxmayaraq, Amin öz üzərində çox çalışır. Hətta çoxlarının qış fasiləsini istirahətə sərf etdiyi bir vaxtda, o, məşqlərinə ara verməyib. Çünki müdafiəçi gələcəkdə əsl peşəkar kimi püxtələşmək, ölkə futboluna faydalı olmaq istəyindədir: “Məqsədim “Qəbələ”nin əvəzedici komandasının heyətində yerimi möhkəmlətmək, həmçinin, U-19 yığmasına da çağırılmaqdır. Uzaq planda isə “Qəbələ”nin əsas komandasında və A millidə çıxış etmək yer alır. Bu arzularımın həyata keçəcəyinə ümidvaram”.


Digər xəbərlər

Xəbər xətti