Namiq Ələsgərov: "Bu qədər tamaşaçının qarşısında oynamamışdım"

12:55 2 Fevral 2016

“Qəbələ” çempionatın ən yaxşı komandalarından biridir. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik və buna uyğun da hazırlaşmışdıq”.

Sportarena.az xəbər verir ki, futbolçu Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyunu (3:0) haqda fikirlərini bölüşüb:

“Matça yaxşı hazırlaşmışdıq və bu da nəticədə özünü əks etdirdi. Komandamız meydanda yaxşı mübarizə apardı. Çox istəkli idik və şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Qələbə qazana bildik”.
 
N.Ələsgərov qış transfer pəncərəsi dövründə “Kəpəz”ə keçib. Yarımmüdafiəçi mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb. Gəncə klubuna yeni keçməsinə baxmayaraq, komandaya uyğunlaşa bildiyini söyləyib:

“Komandaya gəldiyim az müddətdir. Yevlaxda təlim-məşq toplanışında iştirak etdim və tezliklə kollektivə uyğunlaşa bildim. Oyunda futbolçularla anlaşmada problem yaranmadı. Heyətdəki oyunçuların bəzisi ilə əvvəllər bir yerdə oynamışıq. İstər klub, istərsə də yığma komandalar səviyyəsində. Bir-birimizi yaxşı tanıyırıq. Ona görə də oyunda onları başa düşməkdə çətinlik çəkmədim”.
 
Gənc futbolçunun debüt oyununda qol vurduğu üçün sevindiyini deyib:

"Debüt matçında qol vurmağı çox istəyirdim. Yaranan vəziyyətdən istifadə edə bildiyim üçün sevinirəm. Gələcək oyunlarda da fərqlənməyə çalışacağam”.
 
Namiq “Qəbələ”yə qarşı oyunda “Kəpəz”ə dəstək verən yerli azarkeşlər haqda da danışıb:

“Məncə, qazandığımız qələbədə azarkeşlərin rolu, xidməti danılmazdır. Çoxdan idi ki, bu qədər tamaşaçının qarşısında oynamamışdım. Fanatlar həqiqətən də möhtəşəm idilər. Ümid edirəm ki, hər oyun belə olacaq və biz də onları qələbələrlə sevindirməyə çalışacağıq”.

(kapazpfc.az)


Xəbər xətti