Novruz Məmmədov: "Hakimin necə olduğunu hamı gördü" - MÜSAHİBƏ

19:53 5 Fevral 2016

"Neftçi" - "Rəvan" matçından sonra (1:1) "aslanlar"ın müdafiəçisi Novruz Məmmədovun sportarena.az saytına müsahibəsi.


- Oyun haqda təəssüratların.
- Çətin oyun oldu. “Neftçi” iddialı klubdur, ona görə də biz bu oyuna ciddi hazırlaşmışdıq. Xal qazanmaq istəyirik. Əlimizdən gələni edirik ki xal yığıb turnir cədvəlindəki yerimizi yaxşılaşdıraq.
- Ötən tur “Xəzər Lənkəran”a qarşı oynadınız. Turnir cədvəlində demək olar ki, əsas rəqibiniz “Xəzər Lənkəran”dır.  Necə düşünürsən belə oyunla “Xəzər Lənkəran”a çata bilərsinizmi? 
- İlk növbədə fikrimiz “Xəzər Lənkəran”a çatmaqdır. Əks halda klub divizyona düşə bilər. Bacardığımız qədər hər oyunda qələbə qazanmağa, xal toplamağa çalışırıq.
- Bir neçə oyundur 1 xalla kifayətlənirdiz. Bu oyundan da bir xal almaq istəyirdiz?
- Yox. Bir neçə oyun son dəqiqələrdə qələbəni əldən verdik. Biz oyunlara çıxdığımızda 3 xalı düşünüb çıxırdıq  amma 1 xal ala bilirdik. Əgər 1 xalı düşünüb çıxsaydıq xal ala bilməyəcəkdik.
- Meydanda çox əsəbi görünürdün. Hətta komanda yoldaşlarınla da sərt danışırdın. Səbəbi nə idi?
- Əsəbi deyildim. Sadəcə oyuna görə belə davranırdım. Bu hər kəsdə baş verə bilər. Komanda yoldaşlarımın da əsəbi olduğu vaxtlar olur. Bu normaldır.
- Çox xəbərlər yayılmışdı ki, maaşların verilməməsinə görə “Neftçi” ilə oyuna çıxmayacaqdınız. İndi də xəbər yayılıb ki bu oyundan sonra heç bir oyuna çıxmayacaqsız. Bu xəbərlər doğrudurmu?
- Oyuna çıxmamağı fikirləşmirik. Düzdür maliyyə problemimiz var. Maaş almırıq, aldığımız yalnız avansdır. Gələcəkdə nə olacağını zaman göstərər.
- Bu gün aksiya edəcəyiniz gözlənilirdi.
- Biz o fikirdə deyildik. Meydanda ancaq qələbə haqqında düşünürdük.
- Maaşlar verilməsə “Rəvan” mövsümün sonuna qədər oynayacaq?
- Biz bunu etməliyik. Maaşlar verilməsə belə oyunlarımıza davam edəcəyik. Qarşıda çox oyun var. Oynamasaq özümüzə ziyan etmiş olacağıq.
- Ötən il “Simurq” futbolçuları “İnter”lə oyunda bu səbəbdən aksiya keçirdilər. Belə bir hal gözlənilirmi sizdə ?
- Yox elə bir fikirimiz yoxdur. Bəlkə sabah maaşlarımızı verdilər.
- Hakim barəsində nə deyə bilərsən?
- Hakim barəsində heç nə danışmaq istəmirəm. Hamı hakimin necə olduğunu  gördü.
- Yasin Həmid debüt oyununda qırmızı vərəqə aldı. Həmin epizodda hakim haqlıydı?
- Həmin epizoda uzaq idim. Orada nə baş verdiyini görmədim.


Digər xəbərlər

Xəbər xətti