"Bu oyunla Kolumbiyada uğur qazanmaq çətin olacaq"

16:16 24 Mart 2016

"Oyun ərzində gözlənilməz hadisə baş vermədi. Hesabı açdıqdan sonra rəqibin qapımıza yol tapması və hesabı bərabərləşdirməsi qanunauyğunluq yox, təsadüf idi. Rəqibdən güclü olduğumuz ilk saniyələrdən görünürdü. Yekun hesab da bunu təsdiqlədi. Komandaya yaxşı oynadığına görə təşəkkür edirəm. Ancaq bu uğurdan arxayınlaşmaq olmaz, ikinci oyunu da yaxşı keçirmək və nəhayət, Kolumbiyada təşkil ediləcək dünya çempionatına çox ciddi hazırlaşmaq lazımdır". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirilmiş Hollandiya – Azərbaycan oyunu barədə Sahə Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

 

M.Məmmədov cavab oyununda baş məşqçinin yerli oyunçulara daha çox üstünlük verməsini istədiyini bildirib:

"Bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq. Daha çevik oynamaq, qurulan kombinasiyaları dəqiq sona çatdırmaq vacibdir. Ümid edirəm ki, komandanın məşqçilər heyəti, rəhbərlik bunu nəzərə alaraq daha yaxşı hazırlaşacaq və Azərbaycanı layiqincə təmsil edəcək. 5:1 hesabının arxayınlaşmağa əsas vermədiyini demək, həqiqətə qarşı çıxmaq olar. Əlbəttə, arxayınlaşma olacaq. İstərdim ki, cavab oyununda baş məşqçi yerli gənclərə daha çox şans versin və onların təcrübə qazanmasına şərait yaratsın. Aydın məsələdir, doğma meydanda 1:6 hesabı ilə uduzacağımız reallıqdan uzaq görünür. Bunu ağlımdan belə keçirmirəm. Təbii ki, Bakıdakı oyunda da komandanın çıxışını canlı izləmək üçün idman sarayına mütləq gələcəyəm".


Xəbər xətti