Əfran İsmayılov: "Futbol və ya karyera mənim üçün ikinci dərəcəli bir şeydir" - MÜSAHİBƏ

21:42 3 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ” səfərdə “Xəzər Lənkəran” üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Matçdan sonra “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov sportarena.az saytına müsahibə verib.

 

- Oyuna haqqında fikirləriniz...
- Bilirdik ki, çox gərgin oyun olacaqdı. “Xəzər Lənkəran”ın cari mövsüm ürəkaçan vəziyyətdə olmamasına baxmayaraq istənilən rəqibə qarşı çox güclü müqavimət göstərib. Çətin oyun oldu. Hesab 1:1 olduqdan sonra tələsirdik ki qol vuraq. Çox şükür istəyimizə çatdıq. Əsas odur qələbə qazandıq. 

 

- Əvəz olunduqda meydandan çıxmaq istəmədiyin hiss olunurdu. Əvəzlənmək istəmirdin?
- Hər bir futbolçu meydanda sona qədər mübarizə aparmaq istəyir. Sadəcə olaraq mən əvəzlənəcəyimi gözləmirdim. Buna görə də əvvəl çaş-baş qaldım, sonra löhvədə nömrəmi gördükdə meydanı tərk etdim. 

 

- Meydanda nə qədər çalışsan da elə bil istəyinə nail ola bilmirdin. Bunun səbəbi nə idi?
- Hamı gördü ki stadionun vəziyyəti necə bərbad idi. Bu səbəbdən nə qədər çalışsaq da istəyimizə nail ola bilmirdik. Düzgün ötürmə vermək istəyəndə alınmırdı. 

 

- Matç ərzində çox hallarda komanda yoldaşlarınla arada anlaşılmamazlıq olurdu. Ötürmələrə düzgün reaksiya verə bilmirdin. Bunu nə ilə əlaqələndirərdin?
- Dediyim kimi. Stadionun ot örtüyünün vəziyyəti rahat şəkildə oynamağımıza imkan vermirdi. Baş məşqçimiz də əsasən standart vəziyyətlərdən istifadə etməyimizi bildirmişdi. Çox şükür ki, hər iki qol standart vəziyyətlərdən vuruldu və qələbə qazandıq.

 

- Klubun adından da göründüyü kimi Qarabağı, Ağdamı təmsil edirsiniz. Son günlər cəbhədə baş verən hadisələr barədə nə düşünürsən?

- Hamının fikri oyundan əvvəl cəbhə bölgəsində idi. Allah orada şəhid olan əsgərləri və dinc əhalini rəhmət etsin. Yaxınları və qohumlarına səbr diləyirəm. Mənim arzumdur ki, Ali Baş Komandan əmr versin və mən vətənimi qorumaq üçün cəbhə bölgəsinə gedim. Futbol və ya karyera mənim üçün ikinci dərəcəli bir şeydir. Hamı üçün əsas məsələ vətəni, torpağını qorumaqdır.

 

İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti