Olimpiadaya 2 lisenziyamız ləğv edildi

12:04 23 İyun 2016

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyadan məhrum edilib.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya olunub. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi (Report).


Xəbər xətti