Ramin Musayev: "Mən həyatda qorxu nədi, bilmirəm"

13:16 5 İyul 2016

“8 ildi bu quruma rəhbərlik edirəm. Bu vaxt ərzində gördüyümüz işlər haqda məlumatınız var”. 

 

Sportarena.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) köhnə-yeni prezidenti Ramin Musayev deyib.
 

Bu gün AFFA-nın inzibati binasında PFL-in prezident seçkiləri keçirilib və Musayev ardıcıl 3-cü dəfə bu posta layiq görülüb. Seçkilərin nəticəsinə görə, 2020-ci ilə qədər PFL-ə rəhbərlik edəcək Musayev mətbuat konfransında sözlərini bu cür davam etdirib: “Sevindirici haldı ki, bu gün bizim çempionat UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdədi. PFL yaranan ildə 44-cü pillədə idi. Bu, mənim yox, UEFA-nın sorğusudu. 54 ölkə arasında son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdı. Dünyada isə PFL yaranana qədər 110-cu yerdə olsaq da, bu gün 38-ciyik. Düzdü, bununla əlimizi yanımıza salmırıq. PFL yaranana qədər əvəzedici heyət yox idi. Klubdan gəldiyim üçün burda çalışmaq asan oldu”.
 

O bildirib ki, klubda gördüyü problemlərin qarşısını PFL-də almağa çalışır: “Klub nümayəndələri də sağ olsunlar, bu gün çıxışlarında bildirdilər ki, həmişə birlikdə iş görmüşük. Niyə də olmasın? Klubda çalışarkən məşqçilərin problem kimi qabartdığı əvəzedici heyəti yaradıq. Bu, çox gənclərin Premyer Liqaya yüksəlişinə, məşqçilərin təcrübə toplamasına səbəb oldu. “Neftçi”də işləyəndə Bakıda bir, Sumqayıtda başqa topla oynayırdıq. Hətta Qazaxda şarla oynayırdıq. Futbolçular etiraz edirdilər. Həmin vaxt yetərində peşəkar futbolçular var idi. Biz qərara gəldik ki, bütün komandalar eyni topla oynamalıdılar. Bəzən adımıza yazdılar ki, PFL top satır. Bizim məqsədimiz pul qazanmaq olmayıb. O topların qiymətini klublara deyəndə, buna təəccübləndilər. Qiymətini açıqlamıram ki, ucuz başa gəlsin. Məncə, jurnalistlərin də əksəriyyəti PFL-dən razı qalar. Çünki hər birinizlə münasibətimiz yaxşıdı, kim istəyirsə, müsahibəyə şərait yaradırıq”.
 

- Klub rəsmiləri hər zaman hakim təyinatlarından narazılıq edirlər? Amma bu gün əleyhinizə əl qaldırılmadı.
- Əleyhimə əl qaldıran olmadı. Çempionat zamanı insan emosiyaya qapılır. Bu günə qədər elə klub rəhbəri olmayıb ki, oyundan sonra onun zənginə cavab verməyim. Bizim operatorlarımız var. Bu 8 ildə ürəyiniz istəyən oyunun mübahisəli anını deyin, onu müzakirəyə çıxaraq. Hətta klub nümayəndələrinin, baş məşqçilərin bəzi məsələlərdən xəbərləri olmur. Qələbə qazanıb, arxayın gedirlər. Amma onların elə epizodda kobudluq edən futbolçusu olur ki, bunu tutub, cəzalandırırıq. Biz rüşvətin qarşısını almışıq. Şübhələndiyimiz qovuldu. Biz sübut üçün yox, hətta şübhələndiyimizi belə qovmağa hazırıq. Amma mən sübuta yetirdiyim addıma görə qovuram. Axı o klublarda insanlar əziyyət çəkirlər. O futbolçular qədər gəlin, biz də qaçaq. Elə bilirsiniz, Xaqani Məmmədovun işi asandı? Klublarla söhbətimiz olur, şikayət edirlər. Əksər hallarda mübahisəli epizoda baxanda, deyirlər ki, Mübariz müəllim, bağışlayın, bunu görməmişdik. Görüntülərin 90 faizini aşkar şəkildə görmək olur ki, hakim səhvdi, ya yox. Bu gün FİFA hakimlərimiz hər üçün Avropa Liqasının I mərhələsinə təyinat alır. Əliyar Ağayev 30 yaşı olmasa da, artıq 24-cü oyununu idarə edib. Onlar nə ailələrini, nə bizi təmsil edirlər. Hakimlərimiz də Azərbaycanı təmsil edirlər. Hər üçündən də müsbət rəy gəlib. Mən Xaqani Məmmədovu müdafiə etmirəm. Onun da səhvləri var. Sizinlə danışmaqda peşəkar olmasa da, işində peşəkardı.
 

- Sizinlə rəqabət apara bilməyəcək rəqibin olmaması sizə zövq verirmi?
- Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi, üzüldüm.
 

- Sizin məvacibiniz nə qədərdi?
- 1100 manat.
 

- Premyer Liqada özünə klub tapa bilməyən orta səviyyəli futbolçular özlərinə I divizionda da iş tapa bilmirlər. I divizionda limitin dəyişməsinin vaxtı çatmayıb?
- AFFA rəhbərliyinin bununla bağlı razılığını almışam. Limit dəyişəcək.
 

- “Qarabağ” – “Neftçi” oyunundan sonra polis azarkeşləri vurmuşdu. Polis-azarkeş münasibəti necə tənzimlənəcək?
- Bakıda yol polisləri olmasa, bizim cavanlar yollarda min oyundan çıxarlar. “Neftçi” – “Xəzər Lənkəran” oyununda tale üzümüzə güldü ki, külək olmadı. Gül kimi açılış etdik. Bir təpik, bir sillə mənim aylarla çəkdiyim əziyyəti hədər etdi. Mən polisə buna görə üstünlük verirəm. Sevinməyin də çərçivəsi var. 12 yaşlı uşağı heç bir polis vurmaz. Mən polis işçisi olduğum üçün polisin tərəfini saxlamıram. Haqqın tərəfdarıyam. Azərbaycanda Hüquq Mühafizə orqanları çalışmasa, hamı bir-birini yeyər. Niyə qadınlarımız oyunlara gəlmir? Çünki yersiz hərəkətlər olur, söyüşlər söyürlər. O günü “Qəbələ”nin oyununda qadınlar, uşaqlar gördüm. Az qalsın, düşüb onları öpüm. Çox sevindim. Amma narahat idim ki, birdən kimsə söyüş söyər, mən onun yerinə utanaram. Polis başqa millət deyil ki. O da işinə gəlib. 2 nəfər dalaşıb getdi, o bədbəxt cəzalandı.
 

- Olmazmı ki, oyunlara cəlb edilən polislər üçün PFL tərəfindən təlimatlar keçirilsin?
- Hər oyundan əvvəl həmin matça cavabdeh olan polis rəhbərliyi gəlir. Həmin final matçından sonra polis rəhbərindən xahiş etdim ki, qol vurandan sonra sevinən, fişəng yandıran azarkeşə dəyməsinlər. Heç mən də onları cərimələmədim. Bu yaxınlarda Fransada insanları necə döydülər? Heç heyvanı belə döyməzlər. Uşağı, qadını, qızı vururdular. Olmazmı ki, biz özümüz təbliğat aparaq, ay azarkeşlər elə edək ki, futbolu sevən qızlar da gələ bilsinlər. Mənə məktub yazan xanım var ki, qarğış edir. Deyir ki, mən niyə oyuna gələ bilmirəm? Final oyununa 26 min adam gəlmişdi. Onların təhlükəsizliyi üçün PFL nə etsin? 50 işçim var. 26 minin təhlükəsizliyinə necə cavabdeh olaq.
 

- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. Bunun ləğvinin səbəbi nə oldu?
- Mən bir effekt görmədim. Hətta mükafat da vəd etmişdim ki, bir neçə dəfə ən yaxşı seçilən yerliyə verəcəm. Amma bunları görmədim.
 

- Razısız ki, ötən mövsüm ən çox hakim səhvindən əziyyət çəkən “Neftçi” və “Qəbələ”, ən az “Qarabağ” oldu?
- Mən ad çəkə bilmərəm. Klublar çoxdu, mən təkəm. Elə klub rəsmisi olub ki, etiraz edib, təkrara baxdıqdan sonra görüb ki, onların lehinə qərar verilib.
 

- Tək namizəd olduğunuz üçün belə rahatsız?
- Toyum olmayıb ki, həyəcanlı görünüm. Mən həyatda qorxu nədi, bilmirəm. Hətta ölümdən də qorxmuram. Əksinə, tək olmağım mənə yaxşı təsir etmədi. Yaxşı olardı ki, 2-3 namizəd olardı. Hər kəsin futbolda gördüyü işlərlə bağlı açıqlama olardı. Görərdik, kimin planları daha gözəldi, kim nə iş görüb. Rəqibim olmasa da, daha yaxşı işlər görməyə çalışacam.
 

- Hakim səhvləri ilə bağlı qalmaqallar oldu. PFL prezidenti olaraq, bu səhvlərin qarşısını almaq üçün Hakimlər Komtəsi ilə iş görmürsüz?
- Nə qədər hakim qovuldu. Birini deyin ki, yersiz qovuldu. Bu boyda çempionatlar keçirilir başqa ölkələrdə. Hansı çempionatın hakimləri bizimkilərdən güclüdü? Çempionatdan, hakimlikdən ruslar danışmasınlar gərək. Çünki orda çempionu hakimlər təyin edir. Bunu sizə sübut edə bilərəm. Mən çox tərifləyəndə hakimlərin ayaqları yer alır. Siz onları tərifləməyə vadar edirsiz.
 

- Elə bir ad çəkə bilərsiz ki, sizin postunuzda oturmağa layiqdi?
- Mənim kreslom sizə asan gəlməsin. Dəli ilə dəli, ağıllı ilə ağıllı olmaq lazımdı. Söyüş söyənə söyüş söyməlisən. Hər adam bu vəzifədə çalışa bilmir. Mənim futbola necə gəldiyimi bilirsiz. Bəzən elə hallar olur ki, gedib Rövnəq müəllimdən xahiş edirəm ki, məni harasa mühafizəçi qoysun. Bayaq sual verdiniz ki, məvacibiniz nə qədərdi? Həyatımda ən çox sevdiyim 2 ad var: biirincisi milli qəhrəman. Hər an şəhid olmağa hazıram. Bundan sonra layiqli dost gəlir. Dostun nə olduğunu hələ tam bilmirsiz, cavansız. Mənim bir dostum var. O dostluq məni idmana gətirib. Mənim üçün ən önəmlisi o insanın etimadını doğrultmaqdı. O insan mənim üçün hər zaman yaşayacaq. İstəmərəm ki, o insanın ruhu məndən incisin. Yeri gələndə ağrı da olub, dözmüşəm. Demirəm ki, kasıbam. Şükr Allaha, dolana bilmirəm. Amma ən vacibi dostumun etimadını doğrultmaqdı. Doğrultduğumu düşünürəm. Reytinqdə 24-cü yerə yüksəlmişiksə, deməli, mənim də bunda zəhməttim var. Klublarımızla gözəl münasibətim var. Bəzən oyuna qapılıb, yanlış şərh verir. Amma bu yolu keçdiyim üçün heç nə demirəm. O ki qaldı, postuma layiqli namizədə, yoxdu.
 

- I divizionda neçə klub olacaq?
- “Səbail” artıq yaranıb. Daha bir komanda bizə müraciət edib. “Şuşa” klubu mənə məktub verib. Amma onların maliyyə durumu buna imkan vermir. “Araz Naxçıvan” fəaliyyətini dayandıranda, kimi qınadınız? “Şuşa”nı ilk dəfə mən yaratmışam, bu komanda üçün 4 il əziyyət çəkdim. Komandanı verdik Nadir Qasımova. Ona böyük hörmətim var. Amma o, klubda çalışdığı vaxtda bir nəfər futbolçu vermədi. “Şəmkir”i mən futbola qaytardım, futbolçu vermədi. Bu komandanı niyə saxlayım? 8 komanda olsun I divizionda, amma futbolçu yetişdirsin. Bir komandaya mən nəzarət edəcəm I divizionda. Az miqdarda görün, necə komanda hazırlayacaqlar. Gələn mövsüm üçün ən azı 12 komanda gözlənilir.
 

- Premyer Liqada sonuncu yeri tutan komanda I diviziona düşəcək?
- Əgər 12 komanda olsa, xeyr. Amma reqlamentə görə düşməlidi.
 

- İki dəfə I divizionun qalibi olan “Neftçala”nın dağılmasına münasibətiniz necədi?
- O boyda “Qarabağ“ getdi. “Neftçala”nın iki ildə Premyer Liqaya verdiyi bir oyunçu oldumu? Mənim vaxtımda “Neftçi” Araz Abdullayevi yetişdirdi. Mən onlardan hətta xahiş də eləmişdim ki, gəlin lisenziyanızı alın. Amma dedi ki, Ramin müəllim, özüm açıqlamıram ki, futbolçular həvəssiz olmasınlar.
 

- İslandiyanın əhalisi Azərbaycanla müqayisə olunmayacaq qədər azdı. Amma bütün Avropa onlardan danışır. Niyə bizim futbolumuz belə deyil?
- Pul hər şeyi həll etmir. İndi transfer dönəmidi. Futbolçular zəng vurub kömək istəyirlər. Kömək edən olsaydım, elə oğluma edərdim də. Futbolçular özlərini kiməsə bənzədirlər. Heç olmasa, o futbolçunun 30 faizini bacarsınlar, sonra danışsınlar. Mənim vaxtımdakı futbolçulardan soruşa bilərsiz. Onların ixtiyarı nə idi ki, vaxtında evdə olmasınlar. İndi hər yerdə futbolçudu. Çünki nəzarət yoxdu. Futbolçunun qarşısında günah işi olanın dili gödək olur. Bir futbolçu gəlib desin ki, Ramin müəllimə bir manat pul vermişəm. Deyə bilməz. Ona görə də döymüşəm də, söymüşəm də, oynatmışam da. Bu ünsiyyətə görə, Rəşad Sadıqov, Zaur Tağızadə 1 milyona “yox” dedilər. İndi futbolçularımız tez dəyişirlər. 23 yaşı var, 300 min pul qazanır. Hansınız bir ildə bunu qazanırsız. Futbolçu tanıyıram ki, atasına deyir ki, otur yerində. İndi futbol olacaq. Çünki məcbur olacaqlar oynamağa. Çünki cəmi 8 komanda qalıb. Gələn il hamınız deyəcəksiz ki, bu çempionat hamısından güclü oldu. Ən azı 6 komanda ideal olacaq. Pul azdı, oynamağa məcburdular. Müqaviləni yazırlar, futbolçu da arxayındı, oynamır. Beləsi futbolçu olmayacaq.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti