Qurban Qurbanov: "Bəzi futbolçular da düşündüyümüzdən qat-qat çox maliyyə istəyirlər"

Sportarena.az      6 İyul 2016 , 10:29

Son ölkə çempionu "Qarabağ" yoldaşlıq görüşləri çərçivəsində Premyer Liqamızın gümüş medal sahibi olan "Zirə" klubuna 4:0 hesabı ilə qalib gəlib.


Sportarena.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:


- Əlbəttə ki, çatışmazlıqlar var. İndi elə bir dönəmdi ki, mütləq çatışmazlıqlar olacaq. Düşünürəm ki, bir neçə oyun bunu hiss edəcəyik. Hər hansı bir formada əksiklərimizi aradan qaldırmağa çalışacağıq. Ümumi durum isə pis deyil. 
 

- Bu oyunda əsas narazılığınız nə oldu?
- Bu gün üçün ümumi narazılığım var,  futbolçuların həm fiziki hazırlığı, həm texniki-taktiki hazırlığı normal deyil. Futbolçu öz formasını tam bərpa etmədikdə səhvlər çox olur. Ayrı-ayrı oyunçuların səhvləri komanda şəkilində təsir edir. Buna normal baxıram və ən başlıcası budur ki, futbolçular bunu dərk edirlər, tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Bəzi səhvlər və top itkiləri normaldı. Bu həftə məşqlərimizi sırf yarış tipində keçirəcəyik və tam fərqli bir sistemdə çalışacağıq. Düşünürəm ki, "F91 Düdelanj"la oyuna kimi futbolçuların durumu daha da yaxşılaşacaq. Həm fiziki, həm də taktiki hazırığımız daha ideal olacaq.

 
- Bu mərhələdə yoxlama oyunları və fiziki yükləmələr futbolçularda yorğunluq yarada bilər. Bu narahatlıq sizdə varmı?
- Narahatlığımız daha çox bu məqamlardandı. Futbolçu belə anlarda psixoloji cəhətdən daha da hazır olmalıdı. Bu dəqiqə psixoloji hazlırlıq cəhətdən daha çox çalışmalıyıq və bunun da üzərində işləyirik.
 

- Ansi Aqolli Fransada təşkil olunan Avropa çempionatından birbaşa "Qarabağ"ın düşərgəsinə qoşulub. Onun üçün istirahət etməməyin hər-hansı bir problemi yoxdur?
- Ansi peşəkar futbolçudu və hər şeyi çox gözəl dərk eləyir. İlk günlərdə müəyyən qədər yorğunluq hiss olundu, həm də Avropa çempionatının atmosferindən çıxmamışdı. Əvvəlki yoxlama oyununda 45 dəqiqə oynamışdısa, bu gün daha çox oynadı. Ansi "Zirə" ilə oyunda özünü yaxşı tərəfdən göstərdi və sübut etdi ki, qarşıdakı turnirə hazırlaşır. 
 

- Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda üçün belə hücum xətti yetərlidimi?
- Bəlkə hücum xəttimiz bu günə kimi yetərli olub. Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücuçmu ilə güclənməyimizi çox istəyirəm. Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdü. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var, buna görə də bunu yerinə yetirə bilmirik.
 

- Nüanslar bizim çempionatın zəif olması ilə əlaqədardı, yoxsa istədiyiniz hücumçunu tapa bilmirsiniz?
- Yox, burda çempionatın heç bir rolu yoxdu. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq. Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdu. Buna görə doğru qərar verməyə çalışırıq. Bəzi futbolçular da düşündüyümüzdən qat-qat çox maliyyə istəyirlər.

 
- Bəziləri "Qarabağ”ı artıq üçüncü mərhələdə görürlər. Bu, sizin işinizə problem yaradırmı?
- Bu, həmişə bizim işimizə problem yaradır. Necə yaradır, biz buna normal baxırıq və bütün fikirləri normal qarşılayırıq. Dəfələrlə demişəm ki, ilk oyun mənim üçün digərlərindən daha vacibdi və daha çətindi. Çünki futbolçuların tam hazır olması və oyuna köklənməsi daha vacibdi. Bu məsələləri normal qəbul etməliyik. 

 
- Qapı xəttini də gücləndirmək fikriniz var?
- Axtarışdayıq. Planımızda belə bir şey var. Çalışırıq, daha bir qapıçı komandamıza cəlb edək. 
 

- Avstriyadakı təlim-məşq toplanışını tez başa vurmağınızın səbəbi nə oldu?
- Çempionlar Liqasında ilk oyunumuzun evdə olması. Həm də Respublika stadionuna uyğunlaşmağımız. Sonuncu dəfə burada kubokun finalında oynamışıq, ondan əvvəl isə uzun müddət idi ki, bu arenada oynamırdıq. Futbolçuların mühitə uyğunlaşması da bu qərarı qəbul etməkdə rol oynadı.
 

- Meydançanın ot örtüyündən bir şikayətiniz yoxdur?
- Yox, normaldı. Havaların çox isti olmasına görə, bir az çatışmazlıqlar var. Amma düşündüyümüzdən daha yaxşıdı. Bir-iki oyun oynadıqdan sonra, ot örtüyü istədiyimiz kimi olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin