Elnur Cəfərov: "Onlar Portuqaliya klubuna keçidimə kömək etdilər"

14:42 8 İyul 2016

Portuqaliyanın "Tondela" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Elnur Cəfərov  azerisport.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:


- İyunda İspaniyanın "Real Ovyedo" klubuna keçəcəyiniz gözlənildiyi halda, siz qəfildən Portuqaliya klubuna keçdiniz. Niyə?
- Komandada dəyişiklər oldu. İspaniyada baxışda olduğum dövrdə komandanı başqa məşqçilər çalışdırırdı. Hətta bu dəyişikliyə rəğmən də "Ovyedo"ya keçə bilərdim. Amma başqa variantlar da yarandı. Tamamilə fərqli ölkələrdə də çıxış edə bilərdim. Özüm üçün onların arasından ən yaxşı hesab etdiyimi seçdim. Bu da "Tondela" oldu. Fikrimcə, Portuqaliya çempionatında oynamaq mənim üçün daha yaxşı variant olar.


- Yeni ölkə, yeni klubla bağlı təəssüratlarınız necədir?
- Tondela şəhərini Portudan bir saatlıq yol ayırır. Burada hər kəs mehribandı. İlk gündən dedilər ki, özünü evinizdəki kimi hiss edə bilərsən. Artıq dörd gündür buradayam, uyğunlaşma da pis keçmir.


- 18 yaşınız var. Niyə cəmi bir illik müqavilə imzaladınız?
- Üç illik müqavilə bağlamaq variantı da var idi. Amma bir ilə çox şey dəyişə bilər. Özümü yaxşı tərəfdən göstərə bilsəm, daha güclü klublara keçməyim mümkündür. Bir il sonra belə variant yaransa, problemsiz hansısa kluba keçə bilərəm. Amma bu, bir il sonra bu komandadan yüz faiz ayrılacağım demək deyil. Hər şey yaxşı olsa, daha bir il burada qala bilərəm.


- Hansı nömrə altında çıxış edəcəksiniz?
- Hələ məlum deyil. Toplanış yenicə başlayıb. Mövsümə isə avqustda start veriləcək.


- Əsas heyətin üzvü ola biləcəksiniz?
- İndiyə qədər harada oynamışamsa, əsas heyətin üzvü olmuşam. Komandanın aparıcı futbolçularından biri olmaq istəyirəm. Altı aydır futbol oynamırdım. Amma fərdi qaydada öz üzərimdə çalışırdım. Hazırda fiziki hazırlıqla məşğuluq və özümü yaxşı hiss edirəm. Yoxlama oyunlarında özümü yaxşı tərəfdən göstərmək istəyirəm ki, komandanın əsas heyətində yerimi möhkəmləndirim.


- Yeni klubunuzun hədəfləri nədən ibarətdir?
- Hələ bu barədə danışmaq mənə çətindir. Onların hədəfləri barədə məlumatım olması üçün dil bilməyim lazımdır. Amma mən hələ onların dilini bilmirəm (gülür). Son mövsümdə elitadakı yerlərini çətinliklə qoruya biliblər. Ümid edirəm ki, növbəti mövsümdə komandaya uğurlu çıxış etməkdə kömək edə biləcəyəm.


- Dil problemini necə həll etməyi düşünürsünüz?
- Bu, mənim üçün xüsusi problem olmayacaq. Xüsusilə də meydanda. Klubda rus futbolçu var, o, portuqalca bilir. Onun mənə köməyi dəyir. Bir otaqda qalırıq. Nə lazım olsa, o tərcümə edir.


- Amma dil öyrənməyinizə də ehtiyac var...
- Elə də çətin dil deyil. İspaniyada çox olmuşam. Bunların da dili ispancaya oxşardır. Tədricən öyrənəcəyəm.


- Bu kluba keçidinizi kim məsləhət bildi?
- Bu keçidə görə AFFA-ya minnətdaram. Onlar mənim transfer hüququmu "Xəzər Lənkəran"dan aldılar və Portuqaliya klubuna keçidimə kömək etdilər.


Xəbər xətti