Araz Abdullayev: "Tənqidlərdən nəticə çıxarmaq lazımdır"

00:56 15 İyul 2016

“Neftçi” klubunun kapitanı Araz Abdullayev Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Şkendiya” (Makedoniya) ilə keçirilən oyundan (0:0) sonra jurnalistlərə müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:
 

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oldu. Hava çox isti idi. Əlimizdən gələni etdik. Ən azı bir qol vurmaq istəyirdik ki, bu, bizə səfərdə kömək eləsin. Səylərimizə baxmayaraq, hesab açılmadı. Nəticəni pis hesab etmirəm. Səfərdə vuracağımız 1 qol bizi növbəti mərhələyə yüksəldə bilər.

 

- Avrokuboklarda evdə qələbə qazanmaqda çətinlik çəkirsiniz. Əvəzində səfərdə yaxşı oynayırsınız. Bunu nəzərə alaraq, baş məşqçi heç-heçə oynamağı tapşırmışdımı?

- Xeyr, meydana maksimum nəticə qazanmaq üçün çıxırıq. “Balzan”la ev oyununda uduzmağımıza rəğmən, azarkeşlərimiz bizi dəstəklədilər.

 

- Ötən oyundakı səhvlərə görə ən çox tənqid olunan futbolçulardan idiniz. Hətta sizi komandada görmək istəməyənlərin sayı artır. Buna münasibətiniz necədi?

- Başa düşürəm, bu cür oyunlarda səhvi bağışlamırlar. Azarkeşlərimiz də stadiona bizə görə gəlirlər. Normal tənqid olunuruq, bunu da normal qarşılamaq lazımdı. Burda qeyri-adi heç nə yoxdu.

 

- Çempionat oyunları zamanı komandan qol vurma bilməyəndə məsuliyyəti üzərinə götürürdüz. Bu gün bunu etməyə çəkindiz, ya rəqib imkan vermədi?

- Əvvəla, bu gün hücumda oynayırdım. Ön xətdə yer alanda bu çətin olur. Yarımmüdafiədə oynayanda belə epizodlarım çox olur. Bu gün də bunu etdim, amma “çərçivə”yə düşə bilmədik. Bizə vacib olan nəticə qazanmaq idi.

 

- “Neftçi” yeni mövsümdə 3 oyun keçirib və 3 qol vurub. Qolların hamısı da standart vəziyyətdən. Bunu nəzərə alsaq, “Şkendiya”nın sizə bu imkanı verəcəyinə inanırsınızmı?

- Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazanacaq.

 

- 120 dəqiqə oynamağa necə, hazırsınızmı?

- Heyətimizin əsasını gənclər təşkil edir. Hamımız var gücümüzlə işləyirik. Baxırsan ki, oyun heç-heçə başa çatır, gücünü 120 dəqiqə üçün bölürsən.

 

- “Balzan”la oyundan sonra yazılanlar, deyilənlər sizə necə təsir etdi?

- Sözsüz, təsir etdi. Toparlanmağı bacarmalıyıq. Tənqidlərdən nəticə çıxarmaq lazımdı. “Balzan”la oyunun ikinci hissəsində boşluqlar buraxdıq. Amma bu dəfə daha konsantrasiyalı oynadıq.(apasport.az)


Xəbər xətti