Qurban Qurbanov: "Hədəfə çatmaq heç də asan deyil"

13:50 24 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsində “Viktoriya” ilə mübarizə aparacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov supersport.az saytına müsahibə verib.
 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis, komandasının mövcud vəziyyətindən danışıb, növbəti rəqibi dəyərləndirib.
 

– Qurban bəy, “Qarabağ”ın “Düdelanj”la səfər oyunundan başlayaq. Bakıda asan qələbə qazanan komandanız cavab qarşılaşmasında Reynaldonun qolu olmasaydı, uduza da bilərdi. Komandada nə baş vermişdi, arxayınçılıq vardı?
– Xeyr, biz buna hazır idik. Mən əvvəlcədən demişdim ki, səfərdə çox ağır oyun olacaq. Nə qədər düşünsək, rəqib zəifdir, ancaq yaddan çıxarmayaq ki, bu komanda öz ölkəsinin çempionudur. “Düdelanj”ın Avropa təcrübəsi var və “Qarabağ”dan da güclü komandalara qalib gəlib. Futbolda daim buna hazır olmaq lazımdır. İkinci hissədə komandamdan tam razı qaldım. Baxmayaraq ki, standart vəziyyət, künc zərbəsindən qol buraxdıq.
 

– Belə çıxır ki, məğlubiyyət olsa belə, futbolçulardan razı qalacaqdınız.
– Bəli. Əsas məqsədimiz iki oyunun nəticəsinə görə mərhələ adlamaq idi.
 

– Çexiya çempionu “Viktoriya”ya keçək. Rəqibi yetərincə təhlil etmək, öyrənmək mümkün olubmu?
– Bütün futbolçular rəqiblə tanış olub. Deməzdim ki, Çexiya çempionu tam təhlil etmişik. Hər gün bir hissəyə vaxt ayrılır. İki gün ərzində videogörüntülərə baxış olacaq. Məşqdə çalışırıq ki, rəqibin hər hansı oyun üslubuna qarşı düzgün hazırlaşaq. Viktoriyanın yüksək səviyyədə nizam-intizama malik komanda olduğunu xüsusi qeyd etmək istərdim. Çexiya klubu 90 dəqiqə ərzində öz oyun tərzini diqtə etməyə çalışır, kollektiv mübarizəyə çox üstünlük verir: həm müdafiə, həm də hücumda. Ümumilikdə çox ciddi rəqibdir.
 

– Səfər oyununu üstünlük hesab edirsinizmi?
– Ola bilər. Ancaq əvvəlki oyunda evdə qələbə qazandıq, daha yaxşı nəticə qazandıq, bu, üstünlük oldu. Ümumiyyətlə, mən püşkatmada buna reaksiya verməmişəm. Futbol dili ilə deyib, prinsipi ilə götürsək, ilk oyunun səfərdə olması daha yaxşı sayıla bilər. Çox güman ki, belə daha xeyirli olar.
 

– Qurban Qurbanovun bu səddi keçmək üçün planı hazırdırmı?
– Hələ ki, tam yox. Nə qədər videoyazılara baxsaq da, rəqibi canlı gördükdə daha yaxından tanıyacağıq. İlk oyundan sonra bu komandaya çox yaxşı bələd olacağıq. Birinci qarşılaşmada daha düzgün və səhvsiz oynamağa çalışacağıq. Çünki bəzən görmədiyimiz, düşünmədiyimiz oyun üslubları var. Biz yalnız videoyazı ilə rəqib futbolçuların potensialına bələd ola bilmərik. Bu halda “Viktoriya”nı düzgün və istədiyimiz kimi təhlil etmək çətindir. Bununla belə ümumi məlumatımız az deyil.

 
– “Qarabağ” “Viktoriya” ilə yoxlama oyununda asan qələbə qazanmışdı. Rəqibin əvvəlki və indiki vəziyyətini müqayisə edərdiniz.
– Bu komandada dəyişiklik var. O zamankı əsas heyətdən 7-8 oyunçusu qalıb. Hazırlıq oyunu ilə rəsmi qarşılaşmanı eyni etmək olmaz. Çexiya çempionunun Avropa təcrübəsi bizdən çoxdur, qitə yarışlarında daha çox uğurlar qazanıb. Klub olaraq inkişaf baxımından rəqib komandamdan çox irəlidədir. İndi “Viktoriya” daha çox nəticəyə oynayır, heyətində bir neçə yeni futbolçu da var. Bu komandada əvvəlcə hansısa futbolçu daha çox fərdi oyun göstərib, uğur qazandırmaq istəyirdi. Ancaq indi rəqib kollektiv oyuna həddən çox üstünlük verir. Bu da hər bir komanda üçün təhlükəlidir.
 

– Hər halda komandanızın da təcrübəsi var, ardıcıl iki il Avroliqanın qrupunda mübarizə aparıb. Bu sədd keçilsə, ən azı son iki mövsümdəki uğur təkrarlanacaq.
– Məqsədimiz maksimum nəticə əldə etmək – Çempionlar Liqasının qrupuna düşməkdir. Əlimizdə kiçik fürsət varsa, bundan lazımınca istifadə etməyə çalışacağıq. Rəqibin daha güclü olmasına baxmayaraq. Bəli, bizim təcrübəmiz də var. Ancaq hədəfə çatmaq heç də asan deyil. Düşünürəm ki, uğur qazanmaq üçün hamı kollektiv olaraq sonadək mübarizə aparmalıdır. Allah xeyirlisini nəsib etsin. Biz hər şeyi düzgün etməyə cəhd göstərəcəyik. Qismətdə varsa, Allahın izni ilə qələbə bizim tərəfdə olacaq. Rəqibi doğru təhlil etsək, səhvsiz və düzgün oynamağa çalışsaq, hər hansı uğursuzluq olsa, mən elə də narahat olmayacağam. Çünki qeyd etdiyim faktorları icra etməyə cəhd etsək, indi olmasa da, gələcəkdə nəticə qazanıla bilər. Ən əsası, biz öz prinsiplərimizdən əl çəkməməliyik.


Digər xəbərlər

Xəbər xətti