Muarem Muarem: "İkinci qolu vuracağımızı gözləyirdim" - MÜSAHİBƏ

11:32 3 Avqust 2016

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la Çexiya “Viktoriya”sı arasındakı cavab matçından sonra ağdamlıların qolunun müəllifi olan Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb:
 

Sportarena.az həmin müsahibəni təqdim edir:
Qol buraxdıqda yadıma "İnter"lə oynadğımız matç düşdü. Amma bu bizim üçün daha fərqli idi. Çünki qələbə qazansaydıq, nəticədə həm avroliqanın qrupuna vəsiqəni təmin edirdik, həm də "Qarabağ"ın tarixində ilk dəfə Çempionlar Liqasının pley off mərhələsinə vəsiqə qazanırdıq. Biz ÇL-nin qrupunu düşünürdük. Yaxşı oynadığımızı düşünürəm. Çox qol vəziyyətlərini dəyərləndirə bilmədik. Rəqib isə son dəqiqələrdə bir qol vəziyyəti yaratdı və bundan da istifadə etdi.
 
- Futbolda belə bir qayda var ki, vurmayana vurarlar. Bu gün də "Qarabağ" qol epizodlarını dəyərləndirə bilmədi. Rəqib isə bir epizoddan fərqləndi...
- Həqiqətən də elədir. Mən qol buraxacağımızı heç düşünmürdüm. Əksinə ikinci qolu vuracağımızı gözləyirdim. 100 faizlik epizodları qaçırdıq. Dünyanın hər yerində görürük. Bu futbolun qanunudur, vurmayana vurarlar. "Viktoriya" da bir qol vəziyyəti yaratdı və bundan istifadə etdi. Əslində buna heç qol vəziyyəti də deyə bilmərəm. Bir asmadan qol vurdular. Xeyirlisi, qismət belə imiş.
 
- "Qarabağ"da nə çatışmır? Şans, bəxt, təcrübə?
- Xeyr təcrübəlik bir şey yoxdur. Hamı gördü ki, üstün oynadıq. Qol vurmalı idik. Mütləq yaradılan qol vəziyyətlərini dəyərləndirməlisən, dəyərləndirməsən qol buraxa bilərsən. Çox üzüldük həqiqətən. Necə unudacağımızı bilmirəm.
 
- "Qarabağ" Avropa Liqasının qrupuna vəsiqə qazana bilməsə, bunu faciə saymaq olar?
- Təbii ki, biz Avropa Liqasının qrupuna düşmək üçün hər şey edəcəyik. Bundan da yaxşı mübarizə aparacağıq. Nə deyəcəyimi bilmirəm. Hər şey var idi oyunumuzda. Sonadək mübarizə apardıq, yaxşı oynadıq, çoxlu real qol vəziyyətlərimiz oldu. Avropa Liqasının qrupuna mütləq vəsiqə qazanmalıyıq.
 
- Qurban Qurbanov oyundan sonra futbolçulara nə dedi?
- Hər birimizi təbrik etdi. Xarakterlər sərgilədiyinə görə, hamıya təşəkkür etdi. Edəcək bir şey yoxdur.
 
- Zamanı geri qaytarmaq olsaydı qol buraxmamaq üçün nə edərdin?
- Nə edərdim? Belə oynayardıq yenə. Sadəcə hər kəsin o epizodlardan qol vurmasını istəyərdim. Çox pisəm. Almeydanın, Miçelin, Daninin qol epizodları oldu. Dəyərləndirmək lazım idi. Başqa deyəcək bir söz yoxdur. Rəqibi təbrik edirəm.(sportal.az)


Xəbər xətti