Emin Cəfərquliyev: "Bizi çox adam sındırmaq istəyib, amma başları üçün olmayıb"

Sportarena.az      7 Avqust 2016 , 14:20

Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış oyununundan (AZAL - "Neftçi") sonra meydan sahiblərinin kapitanı Emin Cəfərquliyevin futbolinfo.az saytına müsahibəsi.  


- Məğlubiyyət bizə pis təsir etdi. Matçın ilk dəqiqələrindən də göstərdik ki, “Neftçi”dən daha yaxşı oynayırıq. Şanslarımız da çox oldu, sadəcə, istifadə edə bilmədik. Fürsətləri boşa verdikdən sonra lazımsız səbəbdən azlıqda qaldıq. Ruslan (Nəsirli) qardaşımız meydandan qovuldu. Problem yoxdu, biz komandayıq. Hesabdan asılı olmayaraq, bütün nəticələri bir yerdə əldə edirik. Amma dediyim kimi, heç də “Neftçi”dən geri qalmadıq, hətta onları üstələdik. Sadəcə, rəqibin ustalıq səviyyəsi sözünü dedi.

- Deyəsən, Ruslanın hərəkəti səni bərk əsəbləşdirmişdi. Hətta ona qarşı işlətdiyin ağır ifadəni biz də tribunadan eşitdik...

- Ruslan mənim kiçik qardaşımdı, onu belə hərəkətinə görə tərifləyə bilmərəm. Ona etdiyi səhvi göstərmək mənim borcumdu. O ki, qaldı ifadəmə, meydanı tərk etməyini bildirdim, düzdü, ola bilər bunu bir az kobud dedim. Aramızda heç bir problem olmaz, o, mənim balaca qardaşımdı. Görürsünüz ki, indi də yanımdadı, bir yerdə durmuşuq (əli ilə Ruslanın başını qucaqlayır). Bir böyük kimi ona etdiyi hərəkətin səhv olduğunu bildirməliydim.

- Səncə, Röyal Nəcəfovun zərbəsindən sonra qol olmuşdu?

- Belə şeylərdən danışmağı xoşlamıram. Qol olsaydı, top toru silkələyərdi. Saymayıblarsa, deməli, nəsə var. Ancaq təkrardan sonra nəsə deyə bilərəm. Kiminsə haqqına girə bilmərəm. Həmin epizoddan çox uzaq idim.  

- Ümumiyyətlə, həmin anı matçın qırılma nöqtəsi kimi qəbul etmək olar?

- Oyun bizim üstünlüyümüz şəraitində keçirdi. “Neftçi” şokda idi. Bizdən belə oyun gözləmirdilər. Heç kim, heç kimdən qorxmur. Ötən mövsümə 5 məğlubiyyətlə start verdik, daha sonra tarix yazdıq. Fikrimcə, bu mövsüm də belə olacaq. Biz xasiyyətcə sınmayan uşaqlarıq. Bizi çox adam sındırmaq istəyib, amma başları üçün olmayıb, sındıra da bilməyəcəklər. Bizim başımızın üzərində Tərlan müəllim var, Allahımız var, çox şey edəcəyik.

- Çox aqresiv görünürsən, sanki kiməsə üstüörütülü ismarıc göndərirsən...

- Heç nə olmayıb, sadəcə, komanda yoldaşlarıma inanıram. Oyun yenicə başa çatıb, emosiyalar öz sözünü deyir. Yalnız komanda yoldaşlarıma, məşqçimə və ailəmə özümün ən güclü olduğumu sübut etmək istəyirəm.  

- Necə düşünürsən, kapitan kimi vəzifənin öhdəsindən necə gəldin? Ümumiyyətlə, Rail Məlikovun yoxluğunu nə dərəcədə hiss etdiniz?

- Rail mənim böyük qardaşımdı. Belə olub, var və qalacaq da. Mənim üçün onun yeri həmişə görünəcək. Onunla 1 mövsüm çıxış etsəm də, çox şeyləri öyrəndim. Əlimdən gələni etdim, nə dərəcədə alındığını bilmirəm. Fikrimcə, gələcəkdə mən də “artıracam”. Kapitanlıq sarğısı taxıb, meydana çıxmaq deyil, komanda yoldaşlarının arxasında durmaqdı, lazımı anda üzərinə məsuliyyət götürməkdi. Buna hazıram.

- AZAL 1 ildən çox idi, Premyer Liqa oyunlarında “AZAL Arena”da məğlub olmurdu. Bu, sənin də sözügedən stadionda ilk yenilgindi..  

- Bu məğlubiyyərsizlik seriyası “Santa Barbara” serialına dönmüşdü. Bu arenada qalib gəlirdik. Bu gün də özümüzə inam həddən çox idi, ancaq alınmadı. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Futbolda kimsə udar, kimsə məğlub olar. Bundan nəticə çıxarmaq lazımdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin