"Rio-2016": daha 3 idmançımız mübarizəyə başlayır

14:15 8 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə - avqustun 8-də Azərbaycanın üç idmançısı mübarizəyə qoşulacaq.


Sporatrena.az xəbər verir ki, idmançılarımızdan mübarizəyə ilk olaraq qılıncoynadan Səbinə Mikina qoşulacaq. O, yarışa 1/16 final mərhələsindən başlayacaq. Bakı vaxtı ilə saat 17:20-də start götürəcək yarışda idmançımız sablya növündə qüvvəsini sınayacaq. S.Mikinanın rəqibi tunisli Besbes Azza olacaq. S.Mikina ötən il qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışında bürünc medal qazanıb.


Cüdo yarışında isə 57 kiloqram çəki dərəcəsində qadınlar, 73 kiloqramda kişi idmançılar tatami üzərinə çıxacaqlar. İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) 1/16 final mərhələsində Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Bu il Rusiyadakı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan, həmçinin Bakıdakı “Böyük dəbilqə” və Almaniyadakı Qran-pri turnirlərində medallar qazanan Rüstəm Orucovun görüşü saat 17:30-da başlayacaq.


Boksçu, dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) isə ilk döyüşdə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşacaq. İlk iki mərhələdən azad olan boksçumuz rinqə saat 20:45-də çıxacaq.(azırtac)


Digər xəbərlər

Xəbər xətti