Rəşad Sadıqov: "Meydanda sürünüb, hamının gözündən düşüb getmək istəmirəm"

Sportarena.az      10 Oktyabr 2018, 22:26

DÇ - 2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Rəşad Sadıqov Futbolpress.az saytına müsahibə verib. 


Sportarena.az xəbər verir ki, millimizin kapitanı Norveç qələbəsi, Çexiya ilə sabahkı oyun barədə danışıb, millidəki karyerası ilə bağlı bir sıra mətləblərə aydınlıq gətirib.


"Komandada heç bir eyforiya yoxdu. Futbolçularla aramızda söhbət etmişik. Məsuliyyəti dərk edirik. Necə bir ciddi yolda olduğumuzu bilirik. Eyforiyaya qapılmağa vaxtımız da yoxdu. Norveçlə matçın necə ağır keçdiyini də gördünüz. Qarşıdakı oyunun daha çətin olacağını bilirik. Artıq Norveçlə matçı unutmuşuq, bütün gün Çexiya ilə oyundan danışırıq".


- Norveçlə oyunu unutmaq üçün gərək insan dəmirdən olsun. Əksinə, bu görüş sizə motivasiya vermir?
- Təbii, bu, öz yerində. Amma biz belə bir rəqibi məğlub etdiyimizi düşünsək, bu, bizə maneçilik törədəcək. Sabah bizi tam başqa bir komanda gözləyir. Xüsusilə də səfərdə oynadığımızı nəzərə alsaq. Mənə görə böyük ulduzlar dünənlə yox, sabahla yaşayanlardı. Dünənki uğurunu keçmişdə qoyub, sabah nəticə qazanmaq istəyənlər həmişə böyük idmançılara çevrilirlər.


- Çiynində bir çox yüklər görmüsən, komandaları daşımısan, həm yığma, həm də “Qarabağ” səviyyəsində... 6 xalın yükü ağır gəlmir?
- Maraqlı və arzulanan haldı. Məsuliyyəti çoxdu. Mətbuat konfransında da bildirmişdim ki, azarkeşlərmizin gözləntilərinin nə olduğunu bilirik. İndi bu gözləntilər daha da çoxalıb. Soyuqqanlı olmalıyıq. Dünəni fikirləşməməliyik, qarşıdakı oyuna köklənməliyik. Sabahı fikirləşib, əvvəl buraxdığımız səhvləri etməmək, oyunumuzu yaxşılaşdırmaq haqqında düşünüb, uğur əldə edə bilərik.


- Əgər Çexiyadan 3 xalla qayıtsanız, bu, Azərbaycan futbolunda hansı effekti verəcək?
- Milli komanda Azərbaycan futbolunun və burada gedən inkişafın üzüdü. Yığmamız nə qədər yaxşı çıxış etsə, futbolumuz da o qədər inkişaf edəcək. Hər şeyi yaxşı başa düşürük. Bilirik ki, qazandığımız xal və ya xallar inkişafımıza təkan olar. Norveçlə oyunda hamının futbola olan məhəbbəti bir az da artmışdı. Biz bunu yaxşı başa düşürük. Amma qrupdakı rəqiblərmizin gücünü də nəzərə almaq lazımdı. Halbuki digər qruplarda bir neçə orta səviyyəli milli var. Biz isə 4 güclü yığmaya qarşı oynayacağıq. 2 qələbə hər şey demək deyil, sadəcə başlanğıcdı. Əsas oyunlarımız bundan sonra başlayır. Artıq rəqiblər də bizə ciddi yanaşacaq. Belə hallarla çox qarşılaşmışam. Ciddi və məsuliyyətli olub, artırmalıyıq. Ola bilər ki, 2 gün əvvəl sərgilədiyimiz oyun, Çexiya, Şimali İrlandiya və ya Norveç ilə səfər görüşləri üçün kifayət etməsin. Düşünsək ki, göstərdiyimiz oyun bizə kifayətdi, o zaman yanılarıq. Bunun isə fəsadları pis ola bilər.


- Ötən il Bolqarıstanla matçdan sonra milli karyeranı başa vurmağınla bağlı söhbətlər gəzirdi. Elə həmin səfərdən qayıdanda təyyarədə demişdim ki, “yığmanın sənə ehtiyacı var”.  Amma bugünkü Rəşad qocalmaq bilməyən şir kimi döyüşə atılmağa hazırdı. Yəqin ki, sən də razılaşarsan ki, komandamız ilk dəfədi hansısa səfərə belə emosianal və döyüşkən ruhla gedir.
- Prosineçkinin gəlişi mənə bir stimul oldu. O gələnə kimi məndə belə bir hiss var idi ki, artıq karyeramın sonudu və 1-2 il də oynayıb, butslarımı "mismardan asacam". Çünki düşünürdüm ki, artıq AL-in qruplarında oynamışam, çempionluqlar yaşamışam. Amma Prosineçki ilə görüşümüzdən sonra həyatımı, futbola yanaşma tərzimi dəyişdim. Məşqlərə, rejimimə daha çox fikir verdim. Mənə daha çox ehtiyacının olduğunu bildirdi. Bu danışıqlardan sonra həm futbol karyeramda, həm də şəxsi həyatımda çox dəyişikliklər baş verdi. Yığmada 100 matça çıxmışdım, düşünürdüm ki, digərləri oynasın. Fikirləşirdim ki, milliyə layiqli şəkildə kömək edə bilmərəm. Amma uzun söhbətimizdən sonra məni inandırdı ki, sən bizə lazımsan. Məhz bu danışıqdan sonra milli karyeramı davam etdirmək qərarına gəldim. Seçmə mərhələnin sonuna kimi və ya 3-5 oyun olacağı ilə bağlı qəti fikrimiz olmadı. Son danışığımız o oldu ki, qışa kimi 4 oyunda çıxış edim. Futbol ictimaiyyətinin mənə münasibətini bilirəm, meydanda sürünüb, onların gözündən düşüb, futboldan ayrılmaq istəmirəm. Ona görə də üzərimdə çox çalışıram ki, sonluq gözəl olsun. O ki qaldı sualın davamına, səfərə başqa əhval-ruhiyyədə getmək yaxşı haldı. Amma hərdən bunun da zərərli tərəfləri olur. Çünki futbolçularda arxayınçılıq yarana bilər. Məsələn, millinin düşərgəsinə qoşulana kimi həm AL-də “Fiorentina”ya, həm də ölkə çempionatında “Qəbələ”yə yenilmişdik. Bilirdim ki, futbolçular daha hirsli olacaq. Norveçlə matçda da meydana vuruşan yığma gördük. Məğlubiyyətin və qələbənin həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bugünkü vəziyyətdən maksimum yararlanmalıyıq. Sabahkı matçda stressiz, var gücümüzü qoyub, əlimizdən gələni etməliyik.


- “Slovan”la oyundan sonra demişdin ki, çexlərlə oynamaqdan zəhlən gedir...
- Düzdü, bu sözü demişdim, amma bu, bir az ağır çıxır. Çexlərə qarşı oynamağı heç xoşlamıram. Bu, uşaqlıqdan məndə var. Onların matçlarını televiziya vasitəsilə izləyəndə məndə belə təəssürat yaranır ki, bu komandaya qarşı oynamaq çox çətindi. Yaxşı qapanıb, pressinq edirlər. Rəqibə oynamağa imkan vermirlər. Elə oldu ki, bu il 2 çex klubu ilə qarşılaşdıq. Yığmamız da Çexiya ilə eyni qrupdadı. Yenə də demək istəyirəm ki, bu komandaya qarşı oynamaq xoş deyil. Bu da onların gücündən irəli gəlir. Eyni şey millilərin qarşılaşmasına da aiddir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin