Nefti çox, futbolu yox olan Neftçala (1-ci yazı) - Layihə

11:30 27 Oktyabr 2016

Sportarena.az saytı “Cənub futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir.  Bu dəfəki səfərimiz cənub bölgəsində yerləşən Neftaçala rayonunadı. Ötən mövsümə kimi I Divizionda Neftçalanın eyniadlı təmsilçisi çxış edirdi. Özü də 2 il ardıcıl I Divizionda çempion olmasına baxmayaraq, komanda Premyer Liqaya buraxılmadı. Bu isə rayon futboluna böyük zərbə idi. Premyer Liqada oynamaq üçün lisenziya ala bilməyən "Neftçala" artıq, tarixin yaddaşına qovuşub. "Neftçala2nın yoxluğunda rayonda futbol hansı vəziyyətdədir? Uşaq futbolu yaşayırmı? Futbol üçün Neftçalada hansı imkanlar var? Yoxsa, kənardan göründüyü kimi Neftçala futbolu can verir?


“Zirvələrə gedən yol uşaqlıqdan başlayır” məsəlini əldə bayraq tutaraq ilk olaraq uşaq futbolunun durumunu öyrənmək üçün Uşaq Gənclər İdman Məktəbinin (UGİM) balansında olan stadiona yollandıq.

Süni örtüklü mini stadionda uşaqların futbol oynaması üçün şərait çox pisdir. Stadionda nə paltardəyişmə otağı, nə yuyunmaq üçün hamam, nə də digər lazım olan nəsnələr var. Yayda bu hal o qədər də nəzərə çarpmaya bilər. Amma soyuqlar düşdükdən sonra uşaqların belə şəraitdə məşqə gəlməyi çətinləşir. Elə bu səbəbdən də valideynlər qış aylarında uşaqlarını məşqlərə buraxmırlar. Stadionun düşdüyü vəziyyətin səbəblərini aydınlaşdırmaq üçün UGİM-in rəhbərliyi ilə görüşmək istədik. UGİM rəhbərliyinə veriləsi suallar çox idi. Lakin gəlişimizi eşidən UGİM rəhbəri Əbdülhəsən Dadaşov minbir bəhanə taparaq görüşdən yayındı. Məktəbdə Ə.Dadaşovu çox axtarsaq da nəhayət məlum oldu ki, o, guya iclasdadır. Müavini və digər səlahiyyətli şəxslər də həmçinin. Əlbəttə, iclas səbəb yox, bəhanə idi. Çox səy göstərsək də nə müdir, nə də müavini ilə ünsiyyət qura bilmədik.

Əvəzində veteran futbolçu, hazırda UGİM-də məşqçi kimi çalışan Mehman İbrahimovla görüşdük. M.İbrahimov müxtəlif illərdə “Pambıqçı", "Neftçala”,  “Şəmkir”, “Tovuz Turan”,  “Viləş” və s. kimi komandaların şərəfini qoruyub və bir neçə dəfə milli komandamızın heyətinə də dəvət alıb.  Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmağa başlayıb.  Ondan UGİM-dəki vəziyyət barədə soruşduq. Hazırda 5 komandanın – U-10, U-11, U-12, U-13 və U-14 komandalarının AFFA-nın bayrağı altında keçirilən futbol üzrə turnirlərdə iştirak etdiyi məlum oldu:

"Gördüyünüz mini stadionda uşaqlar üçün məşq keçiririk. Uşaqların futbola həvəsi çoxdur. Amma onlara istədiyimiz qayğını göstərə bilmirik. Çünki uşaqlar üçün nə forma, nə lazımi avadanlıqlar ala bilirik. Müvafiq qurumlar bununla bağlı bizə dəstək olmur. Arada UGİM nəsə yardım edir. Rayonda istedadlı uşaqlar var. Elə uşaqlar olub ki, keçən il “Qəbələ”nin Futbol Akademiyasından  dəvət alıblar. Amma yol uzaq olduğu üçün valideynlər buna razı olmayıblar. Öz adımdan şəxsən AFFA rəhbərliyindən xahiş edirəm ki, cənub zonasında heç olmasa bir komanda və ya akademiya yaratsın. Uşaqlar da orada futbol oynasınlar, özlərini göstərə bilsinlər. Bu uşaqların gələcəkləri qaranlıqdır. Bəs indi futbolu necə inkişaf etdirək? Uşaqlara harada məşq keçək? Bir klub olmalıdır ki, uşaqlar da orada oynamaq üçün can atsınlar.  Heç olmasa I Divizionda mübarizə aparan komandamız olsaydı...” 


Rayonda daha yuxarı yaş qrupları demək olar ki, yoxdur. Belə çıxır ki, bu gün U-14 komandasının üzvləri gələn il futbolsuz qalacaqlar. Görəsən, 15-17 yaşlı uşaqların aqibəti rayonda heç kimi maraqlandırmır? Bir vaxtlar Rasim Xammədov, Valeri Fedotov, Bəxtiyar İbrahimov, Lazım Məmmədov, Arif Tahirov kimi futbolçular yetişdirən Neftçala futbolu bu gün məhv olmaq təhlükəsi ilə qarşılaşıb. Rayonda Neftçi İK-nın balansında olan stadiondan yeganədir.  “Neftçala” klubu  fəaliyyət göstərdiyi dönəmdə ev oyunlarını kirayə haqqı ödəməklə bu stadionda keçirirdi.

Rayonda futbolla bağlı nəsə tapmaq çətin oldu. Sanki futbolla bağlı hər şey Neftçalanın neft çalalarında batmışdı. İndi olmasa da, keçmişdə Neftçala futbolu ilə seçilən bölgələrdən biri olub. Keçmişi yada sala biləcək veteran futbolçularla görüşmək qərarına gəldik. 
Soraqlaşa-soraqlaşa hazırda təqaüddə olan rayon sakini Bəxtiyar İbrahimovun ünvanını tapdıq. Bəxtiyar müəllim veteran futbolçudur. Onun yaşıdlarının çoxu haqq dünyasındadır. Bəxtiyar İbrahimov bizi hər bir neftçalalıya xas olan qonaqpərvərliklə qarşıladı futbolçu karyerasından və Neftçala futbolundan danışdı:
“1962-ci ildən futboldayam. İlk dəfə Neftçalanın “Kimyaçı” komandasında çıxış etmişəm. 1971-ci ildə isə Neftçala rayon komandası olaraq ilk uğurumuzu qazandıq, respublika çempionu olduq. Daha sonra “Araz Bakı”ya dəvət aldım. 70-ci illərdə “Neftçi” klubunda çıxış etmək şansım oldu. Əvəzedixi komandada olsa da, “Neftçi”də 1 il oynadım. 1974-cü ildən isə özümü Neftçala futboluna həsr etmişəm. Öncə, Neftçalada uşaq futbolunda məşqçi işləməyə başladım.  1977-ci ildə uşaqlardan ibarət komandam respublika çempionu oldu. 1978-ci ildən 1994-cü ilə qədər Neftçalada İdman Komitəsinin sədri vəzifəsində çalışdım. Bu illər ərzində gənc futbolçularla nailiyyətlərimiz çox olub. Daha sonra Neftçala stadionunun direktoru vəzifəsinə təyin olundum. O illərdə Neftçalada futbol var, uşaqlarda isə futbola həvəs var idi. Ona görə uğur bizdən yan qaçmırdı. Ancaq indi baxıram, Neftçalada futbol çox zəifləyib. Keçmişlə indini müqayisə etməli olsaq görərik ki, o dövrdə olan istedadlı uşaqlar bu gün Neftçalada yoxdurlar. Səbəb çox sadədir. SSRİ dönəmində bütün uşaq məktəbləri faliyyət göstərirdi və biz hamımız “Neftçi” üçün futbolçu yetişdirirdik. Amma indi bilmirəm futbolda bu biganəlik nədəndir. Keçmişdə olan həvəsi indi görmürəm. Bizim vaxtlarda Neftçalada respublika çempionatı, ümumiittifaq yarışları keçirilirdi. Beynəlxalq yarışlarda iştirak edirdik. Hər şey çox yaxşı idi..."
Bəxtiyar müəllim deyir ki, ötən mövsümə kimi, yəni, “Neftçala” I Divizionda iştirak edəndə şəxsən onların oyunlarını həvəslə izləyirib. Komandanın qazandığı uğurlara görə sevinib. İndi rayon demə olar ki, futbolsuz qalıb:

"Bilmirəm hansı səbəblərə görə komandamız dağıldı. Axı, Neftçala ölkədə futbol rayonu kimi tanınır. "Neftçala" dağılandan sonra uşaqlarda da  futbola həvəsin azaldığı hiss olunur. Çünki onların böyüyüb inkişaf etmələri üçün komandaları yoxdur. Müvafiq orqanlardan Neftçalada futbol ənənəsini davam etdirmələrini xahiş edirəm. Burada bir komanda yaratsınlar. Yerli uşaqlara ümid etsinlər”.

Bəxtiyar İbrahimovla söhbətləşdikdən sonra bir daha əmin olduq ki, Neftçalada futbol tənəzzülə uğrayır. Bir zamanlar futbolla nəfəs alan neftçalalılarla "idmanın şahı" arasında isə böyük bir uçurum yaranıb.   
Vüsal Yalçınoğlu

P.S. Mövzu ilə bağlı Neftçalanın futbola cavabdeh qurumlarının, o cümlədən UGİM rəhbərliyinin fikirlərini dərc etməyə hazırıq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti