"Neftçala" niyə dağıldı? - "...bizə belə tapşırıq verilib" - LAYİHƏ

16:20 7 Noyabr 2016

Sportarena.az saytı “Cənub futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. İlk yazımızda Neftçala rayonunda futbolun hazırki durumundan bəhs etmişdik, yazının gedişində «Neftçala» klubundan da söz açmışdıq. Bu dəfəki məqalə isə bütünlüklə fəaliyyətini dayandıran “Neftçala” haqqında olacaq. "Neftçala" Futbol Klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə təsis edilib. Klub Neftçalada fəaliyyət göstərən "Anşad Petrol" MMC-nin maddi dəstəyi ilə yaradılıb. "Anşad Petrol" MMC fəaliyyətini dayandıranadək, yəni, 2011-cilin fevral ayına kimi komanda bu adı daşıyıb. 23 fevral 2011-ci ildə I divizionda çıxış edən "Anşad Petrol" adı dəyişdirilib və etdiyi rayonun adını daşıyaraq, "Neftçala" FK adlandırılıb. Komanda ilk dəfə 2014/15-ci illər mövsümündə Kamal Quliyevin başçılığı altında I Divizonda çempion olub. Premyer Liqada oynamaq üçün lisenziya ala bilməyən “Neftçala” növbəti mövsümündə də I Divizionda mübarizə aparıb. Uzun marafonun sonunda yenidən çempionluğu qeyd edən neftçalalılar bu dəfə də Premyer Liqaya lisenziya ala bilməyiblər. Ardıcıl 2 il divizion çempionu olan, amma Premyer Liqaya yüksəlmək üçün lisenziya ala bilməyən “Neftçala” rəhbərliyi bu yay klubun fəaliyyətinə son verib və “Neftçala” tarixə qovuşub. Neftçalada olduğumuz zaman klub barədə məlumat ala biləcəyimiz kimisə tapa bilməmişdik. Klubun bazası Bakıda idi və komanda yalnız ev oyunlarını Neftçalada keçirirdi. Ev oyunlarını keçirildiyi stadion “Neftçi” İK-nın balansında olduğundan stadiona gəldiyimizdə media nümayəndəsi olduğumuzu bilən mühafizəçi ora girişimizə imkan vermədi. "Neftçi" İK-nın rəhbəri Sadıq Sadıqovdan icazə aldıqdan sonra istəyimizə çatdıq. İndi hər şey bəllidir… Stadion baxımsız qaldığı üçün heç kəs buraya buraxılmırmış. İlk gördüyümüzdə meydannın biçilməmiş otları pambıq tarlasını çatırladırdı. Azarkeş oturacaqları isə sınıq-sökük vəziyyətdədir. “Neftçala” fəaliyyətini dayandırdıqdan sonra burada oyun keçirilmir. Bu səbəbdən də stadiona nə gələn var, nə də nəzarət edən…

Klub barədə danışıb suallara cavab ala biləcəyimiz bir insan var idi. “Neftçala”nın uğurlarının memarı, iki il ard-arda klubu divizionda çempion edən Kamal Quliyev. Onunla "Neftçala" haqqında söhbət etdik, bir çox mətləblərə aydınlıq gətirməyə çalışdıq: 

- İlk öncə “Neftçala”nın uğurlarından danışaq. Komandaya gəldiniz və neftçalalılara çempionluq sevincini yaşatdınız. … 
- Yatsam, yuxuda da görməzdim ki, belə bir klubda baş məşqçi işləyərəm. Çünki bura kimi rahat işim var idi. “Neftçi” klubunda məşqçi kimi çalışırdım. Uğurlarımız var idi, Azərbaycan çempionluğu və kubokunu qazanmışdıq. Gözləmirdim ki, bu uğurlardan sonra başqa hanısa klubda çalışa bilərəm. Amma “Neftçala” klubunun rəhbərləri ilə dəfələrlə görüşdüm. Onlar məni israrla klubda görmək istədiklərini bildirdilər. Hətta bir neçə dəfə klubda hansı işlərin görülməsi ilə bağlı məsləhətlər də vermişdim. Sonda elə oldu ki, klubda işləməyə razılıq verdim. Mənə qədər “Neftçala” 2-ci, 3-cü yerləri tuta bilsə də, çempion ola bilməmişdi. Klubda hər şey qaydasında idi. Bir məşqçi olaraq yaradılmış vəziyyət məni qane edirdi. İldə iki dəfə xaricdə təlim-məşq toplanışında olurduq. Bunların hamısı bir klubun qarşısına qoyduğu məqsədə çatmaq üçün şərtlər idi ki, onlar da yerinə yetirilirdi. İlk gündən komandanı yığıb onlara – “artıq çempion olmaq vaxtıdır” deyib, işə başladım. Gəldiyim gündə köhnə oyunçulardan 15-ni komandadan uzaqlaşdırdım. Oyun üslubuma uyğun olan futbolçularla yoluma davam etdim. Bu da bizə uğur gətirdi. Çox mehriban və işini bilən kollektiv formalaşdı. Klubda hər şey qaydasında idi. Oyunçularda böyük ruh yüksəkliyi var idi. Bunların hamısı sonda nəticəyə də təsir etdi. Mövsümün sonunda çempion ola bildik. Həmən il bir dəfə məğlub olub, bir bərabərlik etmişdik. Qalan oyunlarda qələbə qazanmışdıq. Hətta sona 4 tur qalmış çempionluğumuzu rəsmiləşdirmişdik. İkinci ildə limitlə bağlı problemlərimiz oldu. Əsas heyətin 8 üzvü komandadan ayrıldı. Yaxşı futbolçu tapmaqda çətinlik çəkirdik. Amma yenə də həvəsdən düşmədik. Futbolçularda olan qələbəyə inam, çempion olmaq istəyi bizim uğur qazanmağımıza səbəb oldu. 
- Amma Premyer Liqaya yüksələ bilmədiniz. 
- Açıq deyirəm, klub rəhbərlərinə, onların dediklərinə inanırdım. Amma çox gec başa düşdüm ki, elə klub rəhbərləri özləri istəməyiblər bunu. 
- Nəyə görə? 
- Bilmirəm. Pis komanda olsa, bununla razılaşardım. Biz hamını heyran edən futbol sərgiləyirdik. Premyer Liqa klubları səviyyəsində bir komanda idik. Azərbaycanda “4-3-3” sxemini diviziona gətirdim. Daim hücum futbolu oynayan klub formalaşdırdım. Belə komandanın dağılması çox pis oldu. 


- AFFA Premyer Liqaya lisenziya vermək üçün sizdən nə tələb ediridi? 
- Lazım olan sənədləri . AFFA klubdan nə istəyə bilərdi - stadionu, paltardəyişmə otağı, bazası, uşaq futbolu olsun. Amma çoxu bizdə yox idi. Çatışmazlıqları həll edəcəyik deyə-deyə, davam edirdilər. 
- Bu tələblərlə bağlı klub prezidenti ilə görüşləriniz olmuşdu? 
- Mənə bu işlərlə məşğul olmaq üçün adamların ayrıldığı, hər şeyin qaydasında getdiyi deyilirdi. Hətta bildirilmişdi ki, biz artıq növbəti mövsümdə Premyer Liqada çıxış edəcəyik. Bu kimi vədlər verilirdi. Amma sonda heç biri yerinə yetirilmədi. Düşünürəm ki, rəhbərlik hansısa səbəblərə görə Premyer Liqaya çıxmaq istəmədi. Ola bilər ki, rəhbərliyə kimlərsə tapşırıq verdi ki, yayının. Ya da rəhbərlik özü istəmədi. Çünki Premyer Liqaya yüksəlsək komandaya daha çox maliyyə ayrılmalı, yeni oyunçular gətirilməli idi. Klub prezidentindən bu barədə soruşdum. Sualıma cavab isə belə oldu – “klub fəaliyyətini dayandırır, bizə belə tapşırıq verilib”. 
- Tapşırıq kim tərəfindən verilmişdi? 
- Kimin və nəyə görə verdiyinin mənim üçün mənası yox idi. O sözü eşitmək mənə böyük bir zərbə oldu. Ondan sonra klubda 1 dəqiqə belə qalmaq istəmirdim. 
- Klubun sizə və yaxud futbolçulara borcu qalıb? 
- Yox. Klubun maliyyə cəhətdən heç bir problemi yox idi. Maaşlar hər zaman vaxtında, hətta vaxtından əvvəl verilirdi.   

Vüsal Yalçınoğlu


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

                                         

 


Digər xəbərlər

Xəbər xətti