Rəşad Sadıqov: "Kaş ki, o penalti təyin olunmayaydı və..."

11:37 2 Dekabr 2016

Milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ”ylə qalmaqallı matçdan sonra futbolinfo.az saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:


- Oyun haqqında fikirləriniz necədir?
- Olduqca məyusam. Bu cür söz-söhbətlə qalib gəlməkdənsə, kaş uduzaydıq. Allah şahiddi ki, “Qarabağ” heç vaxt hansısa oyuna getməyib. Nə qazanmışıqsa, alın tərimizlə, zəhmətimizlə əldə etmişik. Son illərdə belə keyfiyyətli futbol görməmişdim. Hər iki komanda fantastik oyun sərgilədi. O qədər taktiki, fiziki, texniki mübarizələr getdi ki... Sadəcə, zövq alırdım. Qarşılaşmanı UEFA-dan gələn təlimatçıyla izləyirdim. O da etiraf etdi ki, Azərbaycan çempionatında bu cür oyuna şahidlik edəcəyini ağlından keçirmirdi. “Qarabağ” da, “Qəbələ” də ölkəmizi Avropada ən yüksək səviyyədə təmsil edir. Bu komandalara hamımızın böyük simpatiyası var. Uğurlarına daim sevinmişik. Bilirəm ki, onlar da bizə qarşı eyni münasibətdədilər. Təəssüf ki, sonluq bu cür alındı. Heç ilk dövrədə Qəbələdən məğlub ayrılanda bu qədər məyus deyildim.

 

- Rəhim Həsənovun idarəçiliyindəki ümumi qüsurları qoyaq bir kənara, təyin olunan penalti və əsas vaxta əlavə edilən dəqiqələr barədə fikrini bilmək istəyərdik.
- Necə cavab verim ki, düzgün başa düşülüm? “Qəbələ”nin etirazını çox gözəl başa düşürəm. Ancaq hər iki epizodla bağlı şəxsi fikirlərimi bildirəcəm. Top əvvəlcə müdafiəçinin üzünə dəyir, daha sonra əlinə. Əlinə dəydikdən sonra istiqamətini dəyişir. Bədənə toxunduqdan sonra ələ dəyən topa görə penaltinin təyin edilib-edilməməsini dəqiq bilmirəm. Bu incəlikləri hakimlər bilir. Ancaq yenə də təkrar edirəm, kaş ki, o penalti təyin olunmayaydı və biz uduzaydıq. Çünki komandamız heç vaxt hakim köməyi ilə qələbə qazanmaq istəməyib. Yenə də o fikirdəyəm ki, Rəhim Həsənovun bizə kömək etmək məqsədi olmayıb. Qəbələdəki oyunu da o, idarə etmişdi. Özü də diqqət yetirin, cəmi 3 oyunda xal itirmişik və bunların ikisinin baş hakimi Rəhim Həsənov olub. Gəncədə xal itkisinə məruz qaldıqdan sonrakı turda Qəbələdə uduzduq. Yəni, “Qəbələ”yə qarşı ikinci dövrədəki oyuna Rəhimin təyinat alacağını eşidərkən biz məyus olub, çəkinməli idik. Ancaq heç vaxt oyunu kimin idarə etməsi bizi düşündürməyib. Saytınız vasitəsi ilə üzümü hakimlərə tutub deyirəm: lehimizə 100 faizli penalti olanda da təyin etməyin! Qardaş, istəmirik. Alın yazımız nədirsə, ona da imza atacağıq. Dəxli yoxdu, çempion olacağıq, yoxsa digər əyarlı medala sahib çıxacağıq. Biz həmişə təmiz futbolun tərəfdarı olmuşuq.

 

- Rəşad, bəs, sualın ikinci hissəsi?
- Son dəqiqələri yenidən bir neçə dəfə izləmişəm. Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra top iki dəfə “Qəbələ”nin futbolçularına düşür. Bizim komanda azlıqda idi və təbii ki, rəqibin fərqlənmək şansı daha çox idi. Məntiqlə biz etiraz etməliyik ki, vaxt qurtarıb, oyunu niyə bitirmirsən? İndi də saniyəölçən haqda. Almeydaya qırmızı vərəqə verilərkən, əlavə olunmuş vaxtın bitiminə 21 saniyə qalmışdı. Ara sakitləşdikdən sonra isə 61-ci saniyədə Ndlovu qola imza atdı. Yəni, təqribən 40 saniyə artıq oynanıldı. Şəxsi fikrimdi, oyunu top mərkəz dairə yaxınlığında olarkən, yaxud auta çıxarkən bitirmək olardı. Ancaq bunu “hakim “Qarabağ”ın qalib gəlməsini istəyirdi” kimi yozmaq doğru deyil. Gəlin, qırmızı vərəqə verilən epizodu xatırlayaq. Riçard Ozobiçi tutub saxlayır və Filip onun üzərinə şığıyır. Baş-başa gəlirlər. Orda futbolçumuz onu vurmur, hər ikisi baş-başa toxunurlar. Lakin “Qəbələ”nin futbolçusu özünü yerə atır. Nəticədə aparıcı oyunçumuz 4 oyunluq diskvalifikasiya olunur. Gördüyünüz kimi, bizim də şikayət etmək üçün əlimizdə faktlar var. Ancaq “Qəbələ”ni də başa düşürəm. “Qarabağ”a təmiz futbol lazımdı.

 

- Necə düşünürsən, eyni epizod “Qarabağ”ın cərimə meydançasında yaşansaydı, Rəhim Həsənov penalti təyin edərdi?
- Buna 100 faiz əminəm! Yuxarıdakı qeydlərimi təkrarlamaq istəmirəm. Sadəcə, 2 dövrə ərzində cəmi 3 oyunda xal itirdiyimizi xatırladıb, bu qarşılaşmalardan ikisində hakimin Həsənov olduğunu qeyd edirəm.

 

- Müsahibə zamanı bir neçə dəfə məyus olduğunu, qarşılaşmanın belə qalmaqalla bitməsini istəmədiyini vurğuladın. Komandanın kapitanı kimi, oyunun yenidən keçirilməsi təklifinə də münasibətini bilmək istəyərdik...
- Öz adımdan deyirəm, əgər bu cür qərar verilsə, buna heç bir etirazım olmaz! Əminək ki, “Qarabağ”ın bütün üzvləri də bu cür cavab verər!

 

- Kapitan, qarşıdan “Fiorentina”ya qarşı ölüm-dirim matçı gəlir...
- Rəqibin gücü haqda geniş danışmağa ehtiyac yoxdu. İtaliya futbolunun tanınmış klublarından biridi. İlk oyunda da səviyyələrini ortaya qoydular. Bakıda bizi olduqca çətin 90 dəqiqə gözləyir.

 

- “Bənövşəilər”in ən təhlükəli “silah”ı nəyi hesab edirsən?
- Onlar 5-4-1 və ya 3-6-1 sxemindən istifadə edirlər. Belədə, hücuma qoşularkən, futbolçuları meydanboyu səpələnir. Özü də eyni nöqtəyə deyil, hər dəfə müxtəlif xətlər üzrə. Bu cür rəqiblərə qarşı oynamaq bizim üçün olduqca ağır olur. Diqqət yetirmisinzsə, bu üslubda “İnter”lə “Sumqayıt”oynayır ki, hər iki komandaya qarşı görüşlərdə daim əziyyət çəkirik.

 

- Elə bir komanda yoxdu ki, onun zəif yeri olmasın. Səncə, italyanlarda bu, nədi?
- Biz onları ən yüksək həddə olan motivasiya və əzmkarlıq hesabına məğlub edə bilərik.

 

- Yəqin ki, bir qulağınız da digər qarşılaşmada olacaq...
- Nə gizlədim, əlbəttə! Çünki təsəvvür edin, başıalovlu hücuma atıldıq və uduzduq. Sonra da eşitdik ki, PAOK-la “Slovan” bərabərə qalıblar. Doğrudu, məşqçi heyəti hələ ki, hansı taktiki sxemdən istifadə edəcəyimizə dair tapşırıqlarını verməyib. Ancaq düşnürəm ki, ilk dəqiqələrdən irəli atılmayacağıq. Bu rəqib olduqca təhlükəlidi.i


Digər xəbərlər

Xəbər xətti